Yeni səfərbərliklə bağlı “Şoyqunun əmri” saxtadır - Kartapolov

19:19 05.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Rusiya Federasiyası Müdafiə Nazirliyinin internetdə yayılan əlavə səfərbərlik haqqında iddia edilən əmrini saxta adlandırıb. Bu barədə TASS məlumat yayıb.

“Bu, tamamilə cəfəngiyyatdır, opponentlərimiz tərəfindən hazırlanmış, xüsusi olaraq sosial şəbəkələrdə atılan saxta sənəddir. Ona görə də buna reaksiya verməyə və diqqət yetirməyə ehtiyac yoxdur”, - deyə deputat bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun 2023-cü il sentyabrın 11-də başlamalı olduğu güman edilən yeni səfərbərlik dalğası haqqında uydurma əmri Telegram kanallarında fəal şəkildə yayılıb. “Sənəd”ə əsasən, xidmətə 200 min nəfərin cəlb edilməsi nəzərdə tutulurdu.

Kartapolov vurğulayıb ki, hazırda Rusiyada səfərbərliyə ehtiyac yoxdur, bütün döyüş tapşırıqları müqavilə əsasında hərbi personalın cəlb edilməsi çərçivəsində həyata keçirilir.