“World Index” dünyada toyların ən baha olduğu ölkələrin siyahısını hazırlayıb. Araşdırmaya görə, toy məclisi təşkilinin ən baha olduğu ölkə ABŞ-dir. Bu ölkədə toy məclisi təşkil etmək 35 min dollara başa gəlir. Sıralamada ikinci yerdə Böyük Britaniya dayanır. Burada toy etmək istəyənlər 28 min 500 dollarından keçməlidirlər. Növbəti pillədə İspaniya dayanır. Bu ölkədə toy xərci 25 min 700 dollardır. Toy xərcinin baha olduğu ölkələrdən biri də Hindistandır və burada toylar 25 min dollara başa gəlir. İtaliyada toy etmək istəyənlər 23 900 dollar, Fransada 21 800 dollar, Kanadada 20 000 dollar, Portuqaliyada 18 000 dollar, Uruqvayda 15 700 dollar, Çilidə 9 000 dollar xərcləməlidirlər.
Qeyd edək ki, Azərbaycan da toy xərcinin bahalı olduğu ölkələrdən sayılır. Hətta bu səbəblə bir neçə il bundan əvvəl BMT-nin Əhali Fondu tərəfindən hazırlanan hesabatda “lider” olub. Azərbaycanda ifrat toy xərcləri problemi dəfələrlə ictimai müzakirələrin predmetinə çevrilib.
Bəs, görəsən, hazırda Azərbaycanda toy xərcləri nə qədərdir?
Təbii ki, Azərbaycanın da özünəməxsus toy adətləri mövcuddur. Ailə qurmaq istəyən gənclər nişan, qız toyu, xına və oğlan toyu kimi mərhələlərdən keçməlidirlər. Adətə görə, nişan və qız toyunda oğlan tərəfi gəlinə geyim və qızıl əşyaları hədiyyə etməlidir. Qız evinin əsas yükü isə cehizdir. Bu mərhələdə toy sahibləri xərcləri qarşılamaq üçün hətta kredit də götürürlər. Araşdırmalara görə, bir gəncin ailə qurması üçün minimum 10-12 min, maksimum isə 100-150 min manatdan artıq xərc tələb olunur.
İndi gəlin toy xərclərinin strukturuna nəzər salaq:
Sadə nişan üzükləri: 350-500 manat;
Brilyant qaşlı üzüklər: 700-1500 manat;
Qızıl dəstlərinin qiyməti: 1500-30000 manat;
Evlilik təklifi üçün mərasimlər: 500-2000 manat;
Gəlinliklərin icarəsi: 350-5000 manat;
Gəlinin saç-makiyajı: 350-700 manat;
Şadlıq saraylarında 1 nəfər üçün qiymət: 50-350 manat;
Xonça qablarının icarəsi: 7-15 manat;
Gəlin maşınlarının icarəsi: 150-300 manat;
Gül buketləri, gəlin gülləri: 85-150 manat;
Nişan mərasimi üçün tortun kilosu: 18-35 manat;
Fotosessiya: 350-500 manat;
Musiqiçilər: 700 manatdan başlayır;
Restoranlarda toydan sonra atəşfəşanlıq: 800-2000 manat.
Bölgələrdə isə şadlıq evləri və restoranlarda qiymətlər 35-60 manat arasında dəyişir. Təbii ki, bu rəqəmlər menyu və adam sayına görə tənzimlənir. Regionlarda toy sahibləri şadlıq evlərini icarəyə də götürürlər (yəni yeməkləri özləri hazırlayırlar və s.), belə halda isə bir stulun qiyməti 10-11 manat arasında dəyişir.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu Azərbaycan toylarını sosial bəla hesab edir: "Toylarımızı sosial bəla hesab edirəm. Bu cür toyların olması Azərbaycanda mənəviyyata, mənəvi proseslərə böyük zərbə vurur. İlk baxışdan bəlkə də heç kəs bunu hiss etmir. Hazırda keçirilən toylar xalqa yalnız iqtisadi ziyan vurmur, eyni zamanda, insanlar arasında müəyyən gərginliklər yaradır. Belə ki, hazırda bir azərbaycanlı ailənin ortalama gəlirinin 80 faizi onların öz ehtiyaclarını ödəyir. Qalan pulu da məcburdurlar ki, gələn toy dəvətlərinə xərcləsinlər. Bundan əlavə, toy edən şəxs də lazımsız xərcə düşür, şadlıq sarayları 50-ə yaxın yemək təklif edirlər. Dinimizdə də qeyd olunub ki, israfçılıq etmək qadağandır. Fikirləşin ki, evimizə ən əziz qonaq gəldiyi zaman maksimum 5-6 cür yemək hazırladığımız təqdirdə nəyə görə toylarda bu rəqəm artır? Bunun israfçılıqdan başqa adı ola bilməz. Heç kəs zəmanət verə bilməz ki, toylarda verilən salatlar hamısı təzədir. Çoxumuz bilirik ki, onların bəzisi dünəndən qalma salatlar olur. Bundan əlavə, toylardan sonra musiqi dünyasına da böyük zərbə dəydi. Belə ki, şou-biznes əhli toylar artdıqca qiymətləri də artırdı. Toy sahibləri də yarışa girərək 30 dəqiqə üçün qalaq-qalaq pullarından keçdilər. Sonda da toy sahibi yox, şadlıq sarayları, müğənnilər qazandı. Toydakı səs-küy də sözlə deyiləsi deyil. Yaşlı insanları nəzərə almayan musiqiçilər yalnız öz ciblərini güdürlər”.
Onun sözlərinə görə, Azərbaycanda yeni toy modelinin hazırlanmasına ehtiyac var: “Təcili şəkildə toy modeli dəyişilməlidir. Buna Mədəniyyət Nazirliyi, humanitar-sosial işlərlə məşğul olan qurumlar məsuliyyət daşıyır. Tez bir zamanda mütəxəssislər elə bir toy modeli hazırlamalıdır ki, burada əsas prinsiplər ödənsin. Toy iki gəncin ailə qurmasının başlanğıcıdır. Elə toy modeli olmalıdır ki, gənclər üçün ən yadda qalan gün olsun. Təntənəli gecə kiminsə süfrəyə 50 cür yemək verməsi deyil. Bizim folklorumuzun, adət-ənənəmizin əks olunduğu gün kimi keçirilməlidir. Bu gün Azərbaycanın yeni toy modelinə ehtiyacı var.”
Sosioloq Elçin Bayramlı da hesab edir ki, dünyada ən biabırçı toy mərasimi hazırda bizdədir: “Çünki burada nə milli, nə də bəşəri dəyərlər qalmayıb. Hər cür dəhşətli israfçılıq, görməmişlik, harınlıq burada birləşir. Toy zalındakı dəhşətli hay-həşir, süfrədə ağla gələn-gəlməyən bütün nemətlərin düzülərək israf olunması və s. Üstəlik bu cür toylar yeni qurulan ailələrə də zərər vurur. Onların bir çoxu borc-xərcə düşür və toya gələn qonaqlar da Azərbaycan üçün böyük bir məbləğ sayılan pulu itirmiş sayılırlar, çünki o pul həmin ailəyə yox, hansısa biznes sahiblərinə çatır. Belə toyun artıq heç bir müsbət tərəfi yoxdur. Keçmişdə belə deyildi, bu, son vaxtlar bizim milli genetik xəstəliyimiz olan bəhsə düşmək, özünü başqalarına olduğundan üstün göstərmə xasiyyətlərinin inikasıdır".