Yeni Zelandiya Hava Yolları yeni tətbiqi ilə təyyarələrə yerləşdirilən yataq kabinlərini 4 saatlıq 250-380 dollara icarəyə verəcək.
Hafta.az-ın "Stuff"a istinadən yazdığına görə, ölkənin milli aviaşirkəti “Skynest” adlı tətbiqin prototipini Cənub adasındakı Kraystçörç şəhərindəki yarmarkada təqdim edib.
Şirkətin baş satış məsləhətçisi Leanne Geragti, gələn ilin sentyabrında müştərilərin istifadəsinə veriləcək kabinlərin ilkin olaraq Oklenddən Nyu-York və Çikaqoya uçuşlarda reallaşacağını bildirib. Bu uçuşların hər ikisi ən azı 15 saat çəkir.
Boeing 787 və 789 Dreamliner modellərində quraşdırılacaq kabinlərdə qənaətcil və premium variantları olacaq.
Hər bir müştəriyə 4 saat yatmaq və dincəlmək imkanı veriləcək, bundan sonra kabinələrdə işıqlar yandırılacaq və vaxt limitini aşanları heyət oyadacaq.
Geragti bildirib ki, yuxu seansları arasındakı 30 dəqiqəlik müddət ərzində heyət yastıq üzü və çarşaflarını dəyişəcək, bundan sonra kabinələrə yeni müştərilər qəbul ediləcək. Bundan əlavə, hər bir müştəriyə uçuşlarda yalnız bir dəfə 6 çarpayılıq iki mərtəbəli sistemdə tikiləcək kabinələri icarəyə götürmək hüququ veriləcək.
Geragti, "dünyada ilk" olacaq tətbiq üçün cəmi 2,2 milyard dollar sərmayə qoyulduğunu da bildirib.