BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hər il şumluq torpaqların genişlənməsi və insanın digər fəaliyyəti nəticəsində milyonlarla hektar meşə və süni meşə sahələri yer üzündən silinir. 1990-cı ildən bəri təqribən 420 milyon hektar meşə məhv olub.
Ekspertlər yer kürəsinin meşəsizləşməsinin bəşəriyyətə çox baha başa gələcəyi qənaətindədirlər. Çünki meşələr bir çox vacib funksiyanı yerinə yetirir, karbon qazını udur və özündə saxlayır, qida və yaşayışı təmin edir. Meşələr hava şəraitinə təsir göstərərək ekosistemin mühafizəsinə kömək edir. Digər tərəfdən, planetin bütün yerüstü biomüxtəlifliyinin əsas hissəsi meşələrin payına düşür. Ağaclar qoruyucu funksiyaları yerinə yetirir, onlar torpaqların eroziyasının və itkisinin qarşısını alır, iqlim dəyişməsi fəsadlarını yüngülləşdirir. Meşələr insanları yanacaq və ərzaqla təmin edir. Bir çoxları üçün onlar mühüm gəlir mənbəyidir. Bununla belə, meşələr getdikcə daha çox müxtəlif cür təhlükələrə məruz qalır. Meşələrin amansızlıqla qırılması, torpaqların irimiqyaslı deqradasiyası, dayanıqsız istehlak və istehsal metodları, eləcə də davam edən iqlim böhranı – bütün bunlar meşələrimizin həyat qabiliyyətinə təhlükə törədir. Yaranmış mövcud böhranda isə inkişaf etmiş ölkələrin “əməyi” böyükdür. Təkcə onu demək kifayətdir ki, hər il istixana qazları emissiyasının 18 faizi inkişaf etməkdə olan ölkələrdə meşəsizləşmənin və meşələrin deqradasiyasının nəticəsidir. Bu, dünya üzrə bütün nəqliyyat sektorunun tullantılarının cəmindən çoxdur.
Məlumat üçün xatırladaq ki, hazırda dünyada meşələrin ümumi sahəsi 38 milyon kvadratkilometrə yaxındır. Bunun 13 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyanın bütün meşələrinin yarıdan çoxu beş ölkənin - Rusiya Federasiyası, Braziliya, Kanada, ABŞ və Çinin payına düşür. Meşələr 60 mindən çox ağac növü ilə dünyanın quru biomüxtəlifliyinin təxminən 80 faizinə ev sahibliyi edir. Təqribən 1,6 milyard insan qida, sığınacaq, enerji, dərman və gəlir üçün birbaşa meşələrdən asılıdır. Dünya hər il 10 milyon hektar meşəni itirir. Bu da təxminən İslandiyanın ərazisinə bərabərdir. Dünyada əhali artımı meşələrin azalmasına güclü təsir göstərir və bunun nəticəsində yaşıllıqlar kənd təsərrüfatı ehtiyacları üçün, eləcə də ticarət, yanacaq və s. məqsədlə qırılır. Meşələrin kütləvi şəkildə qırılması “istixana effekti”nə şərait yaradır.
İndiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub
Azərbaycana gəlincə isə, respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda meşə ilə örtülü sahələr ölkə ərazisinin 11,8 faizini təşkil edir. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu - Meşələrin İnkişafı Xidməti vasitəsilə həyata keçirilir.
Dövlət Statistika Komitəsinin məlumata görə, ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 9328,2 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində 512,2 hektar sahədə meşə əkinləri, 197 hektar sahədə meşə səpinləri işləri aparılıb, 64 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 8550 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18762,5 hektar təşkil edib. Bundan başqa, səpin sahələrində 14,3 hektar sahəyə toxumlar səpilib, 3,8 hektar çilik kökləndirməsi sahələrinə 185 min ədəd çilik basdırılıb.
2021-ci ildə meşə fondu sahələrindən 45,7 ton meyvə və meşə ağac toxumları tədarük edilib ki, bunların da 2,5 tonu qoz, 0,3 tonu badam, 0,6 tonu digər meyvə ağaclarının, 38,3 tonu palıd, 4,0 tonu digər meşə ağacları toxumlarının payına düşüb.
Bu il Azərbaycanda 3 milyon ağacın əkilməsi nəzərdə tutulub
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, 2021-ci ildə 807 hektar meşə ərazisində 846 min 885 müxtəlif ağac və kol cinsinə mənsub tinglər əkilib. 23 tondan çox toxum səpilib. Nazir müavini bu il Azərbaycanda 3 milyon ağacın əkilməsinin planlaşdırıldığını da qeyd edib. Bildirilib ki, yaz mövsümündə azad edilmiş torpaqlarda ümumilikdə 40 hektar ərazidə əkin işlərinin aparılması nəzərdə tutulub: "Meşə fondu torpaqlarımızın hansı hissəsi ki, Tuqay meşələrinin ərazisinə düşür, orada da meşəbərpa və yeni meşə zolaqlarının salınması ilə bağlı layihələr var. Bu, əsasən Kürboyu ərazilərdir. Burada seyrəlmiş və müəyyən səbəblərdən məhv olmuş meşələrin mərhələli şəkildə bərpası ilə bağlı layihələr həyata keçirilir".
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə ötən il ümumilikdə Azərbaycanda 2 milyona yaxın ağac əkildiyini, onun 1 milyona qədərinin "Yaşıl Marafon" kampaniyasının payına düşdüyünü qeyd edib: "Ötən il noyabrın 8-də Topxana meşələrinin bərpasına başlanıldı. Belə ki, həmin gün ölkə üzrə 44 min ağac əkildi və ağacəkmə aksiyası Topxana meşələrinin ərazisində də həyata keçirildi. Ötən il işğaldan azad edilən ərazilərdə 20 mindən çox ting əkilib, eyni zamanda, 3 tona yaxın müxtəlif ağac cinslərinin toxumları səpilib".
Nazir müavini bildirib ki, payız və qış ağacəkmə aksiyası məfhumları aradan qaldırılır və ağacəkmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.
Meşə fondumuza ən böyük ziyanı Ermənistan vurub
Qeyd edək ki, Azərbaycanın meşə fonduna ən böyük ziyan Ermənistan tərəfindən vurulub. Belə ki, 30 ilə yaxın ermənilərin işğalı altında qalan ərazilərimiz ekoloji terrora məruz qalıb. Həmin ərazilərdə ermənilər meşələri kütləvi şəkildə qıraraq, əraziləri yandırıblar. Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun rəhbəri Rauf Sultanov bizimlə söhbət zamanı deyib ki, ermənilər işğal etdikləri ərazilərimizdə təbii sərvətlərimizi, o cümlədən bioresurslarımızı məhv etməyi qarşılarına məqsəd qoymuşdular: “Erməni təcavüzkarları hər il Qarabağ ərazisindəki torpaqlarda yanğınlar törədirdilər. Həmin yanğın nəticəsində Azərbaycanın bitki örtüyünə və canlılar aləminə qarşı 30 il ərzində genosid siyasəti aparıblar. Bu proseslərlə bağlı hesablamalar aparılıb, neçə min hektarlarla meşə örtüyü məhv edilib. Meşə örtüyü bitki örtüyünə nisbətən günəş şüasını 10 dəfə artıq mənimsəyir, oksigen ifraz edir və bioresurslar yetişdirir. Onunla da canlılar aləmi qidalanır və biosistem yaranır. Yanğınlar nəticəsində həm ağaclar, bitki örtüyü məhv olur, həm də onunla qidalanan biosfer məhv olur. Onun bərpa edilməsi isə çətindir. Təbiət ona dəyən ziyanı bərpa etmək imkanına malikdir. Ancaq erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində təbiətə, ətraf mühitə dəyən ziyanı bərpa etmək üçün həm təbiət, həm də insan əməyi ilə 30-50 il vaxt lazımdır. Həm də onlar bizim otlaqlar, örüşlərdən intensiv surətdə istifadə ediblər. Ermənilərin özlərinin yaydığı məlumata görə, işğal olunmuş ərazilərdə 1 milyondan çox xırda buynuzlu, 100 mindən çox iribuynuzlu heyvan vardı ki, bizim otlaqlarda normadan artıq otarılıb və həmin ərazilər sıradan çıxıb, ən münbit əraziləri məhv ediblər. Beynəlxalq qurumlar bu məsələyə diqqət yetirməlidirlər. Məsələn, təkcə bir rayonda min hektarlarla torpaq sahələri, bitki örtüyü məhv edilib, təbii sərvətləri daşınıb. Hətta endemik ağac növlərini kəsərək Almaniyada tüfəngin qundağının hazırlanması üçün uzun müddət ağac məmulatı kimi istifadə ediblər. Erməni işğalçıları həmin ərazilərdə, xüsusilə də Cəbrayıl rayonunda narkotik maddələr də yetişdirirdilər və satışından əldə etdikləri vəsait Ermənistan büdcəsinə daxil edilirdi. İndi həmin ərazilərin yenidən bərpa edilməsi üçün xeyli vəsait tələb olunur. Həmin ərazilərin hamısı viran edilib və indi nə qədər vəsait sərf edilməlidir ki, həm şəhərlər, qəsəbələr, həm sənaye müəssisələri salınsın, kənd təsərrüfatı bərpa edilsin”.