Bu sahədən niyə pul qazana bilmirik?
Bu gün qlobal səviyyədə inkişafın məhz elmdən asılı olduğunu, artıq hər kəs anlayır. Ən azından, son 3 ildə dünyanı çənginə alan koronavirus pandemiyası ilə mübarizə təcrübəsi göstərdi ki, bu kimi qlobal təhlükələrin qarşısını, ancaq elm sahəsini inkişaf etdirməklə almaq mümkündür. Bu reallığı qəbul edən ölkələr öz büdcələrindən elm sahəsinə böyük vəsaitlər ayırmaqda sanki yarışa giriblər.
Məsələn, dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-da dövlətin elm xərcləri 2019-cu ildə 118 milyard dollar, 2020-ci ildə 134 milyard dollar olub. Bu il isə bu sahəyə 142 milyard dollar xərcləmək nəzərdə tutulur. Bu ölkədə özəl sektorun elmi-tədqiqat xərcləri dövlətin ayırdığı vəsaitlərdən xeyli yüksək olmaqla,ÜDM-in 1,5-1,6 faizinə çatır. Beləliklə, ABŞ-da elmə çəkilən xərclər ümumilikdə ÜDM-in 3 faizi civarındadır. Məlumat üçün qeyd edək ki, 2019-cu ildə ABŞ ÜDM-i 21,4 trilyon dollara bərabər olub. Dünyanın ikinci nəhəng iqtisadiyyatına malik Çində 2019-cu ildə dövlətin və biznesin elm xərcləri 322 milyard dollar - ÜDM-in 2,2 faizini təşkil edib. 2020-ci ildə xərclərin həcminin 400 milyard dollara, ÜDM-in 2,5 faizinə çatdırılması nəzərdə tutulurdu. Avropa Birliyi dövlətlərinin elm xərcləri 2019-cu ildə 306 milyard avrodan yuxarı, Birlik ÜDM-nin 2,19 faizi həcmində vəsait xərclənib. Özəl sektorun xərcləri bu həcmə daxil deyil. 2019-cu ildə Birlik üzvləri arasında elmə ayrılan dövlət vəsaitlərinin həcminə görə liderliyi İsveç (ÜDM-in 3,39 faizi), Avstriya (3,19 faiz), Almaniya (3,17 faiz), Danimarka (2,96 faiz) və sair olub.
Azərbaycana gəlincə, ölkəmizdə elm xərcləri ÜDM-nin təxminən 0,20 faizi həcmindədir. 2020-ci ildə elm xərclərinə dövlət büdcəsində 193,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulurduki, bu da 2019-cu illə müqayisədə 57,4 milyon manat və ya 42,1 faiz çox idi. Pandemiya səbəbindən avqust ayında dövlət büdcəsindən elmə ayrılan xərclər azaldılaraq 186 milyon 317 min 72 manata endirildi. 2021-ci ilin dövlət büdcəsindən isə elm xərclərinə 183,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci ildəkindən daha azdır. Sənədə əsasən, elm xərcləri üzrə proqnozlaşdırılan vəsaitin 116,7 milyon manatı Azərbaycan Milli Elmlər Akademiyasının və onun tabeliyində olan 46 elmi tədqiqat müəssisəsi və təşkilatlarının maliyyələşdirilməsinə yönəldiləcək. Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişaf Fondunun maliyyələşdirilməsi üçünsə 2021-ci ilin dövlət büdcəsində 4,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1,0 milyon manat və ya 31,9 faiz çoxdur.
Gələn ilin büdcə layihəsində də elmə olan yanaşma builki vəziyyətdən ciddi fərqlənmir. Belə ki, gələn il Azərbaycan dövlət büdcəsinin elm sahəsinə xərcləri 202,79 milyon manat səviyyəsində gözlənilir. Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 0,7 faizi deməkdir, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 10,6 faiz çoxdur. Vəsaitin 0,134 milyard manatı Azərbaycan Milli Elmlər Akademiyasına və 46 tabeli qurumuna yönəldiləcək. Bu isə illik müqayisədə 14,7 faiz çoxdur.
Bəs, görəsən, Azərbaycanda elmi layihələrə ayrılan vəsaitlər nə dərəcədə effekt verir? Son illər özünü maliyyələşdirən elmi innovativ layihələrin sayı nə qədər olub? Bu istiqamətdə daha effektli nəticələr əldə edilməsi üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Azərbaycanda elmə və elmi tədqiqatlara ayrılan vəsaitlər ildən-ilə artırılır. Amma bütövlükdə büdcədə nəzərdə tutulan elm xərcləri yetərincə deyil:
“Əgər ÜDM-nin 2 faizinə qədər elmə vəsait ayrılmırsa, həmin ölkələrdə elm əslində görüntü xarakteri daşıyır. Yəni, bu beynəlxalq araşdırmaların nəticəsidir. Azərbaycanda isə elm sahəsinə ayrılan vəsaitlər ÜDM-nin çox cüzi bir hissəsini təşkil edir. Elmə ayrılan vəsaitlərin əksər hissəsi isə elmi tədqiqat institutlarının, elmi qurumların saxlanılmasına istifadə olunur. Belə ki, həmin vəsaitlər daha çox əməkhaqqı, kommunal xərclərin qarşılanmasına, xidmətlərin satınalınmasına və s. yönəldilir. Amma bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə Azərbaycanda Elmin İnkişafı Fondu yaradılıb və elmi layihələrin böyük bir qismi həmin qurum vasitəsilə maliyyələşdirilir. Lakin bu qurumun da fəaliyyətində əslində qənaətbəxş olmayan məqamlar var. Bu baxımdan ki, pilot layihə kimi böyük maliyyə tutumlu layihələr icra olundu, amma onların da effektliyi olmadı. Ona görə də Azərbaycanda elm bütövlükdə görüntü xarakteri daşıyır. Bu istiqamətdə idarəetmədə də kifayət qədər ciddi problemlər var. Biz illərdir qeyd edirik ki, elmin idarə olunmasında, dövlətin elmi siyasətinin həyata keçirilməsində yeni baxışlar olmalıdır, islahatlar aparılmalıdır. Ancaq bu islahatlar kosmetik xarakter daşımamalıdır. Təəssüf ki, biz “islahat”ı yalnız söz olaraq eşidirik, hər hansı bir nəticələr görmürük. Sizi əmin edirəm ki, indiki şəraitdə Azərbaycanda ümumdaxili məhsulun, hətta 10 faizi belə elmə yönəldilsə, hazırkı durumda yenə də bu idarəetmə sistemi ilə Azərbaycan elmini inkişaf etdirmək mümkün deyil”.
“AMEA işçilərinin heç 10 faizi…”
Ekspert vurğulayıb ki, ölkədə bu sahəni inkişaf etdirməyin əsas yolu elm, təhsil və iqtisadiyyat üçbucağının qurulmasıdır: “AMEA sovet dövründən qalan bir qurum kimi artıq özünü doğrulda bilmir. Akademiyada bəzi elmi-tədqiqat institutları istisna olmaqla bir sıra sahələrdə elm formal xarakter daşıyır. Çox təəssüf ki, Akademiya beynəlxalq elmi qrantlardan xeyli kənar qalıb. Elm sahəsində qocalma tendensiyası təhlükəli həddə çatıb. Bu da ona gətirib çıxarıb ki, Azərbaycan elmi təhsillə, texnologiyalarla, innovasiyalarla, iqtisadiyyatla birgə olmaqdan xeyli uzaq düşüb. Nəticədə də Azərbaycan elmi beynəlxalq tələblərə cavab verə bilmir. Biz hər zaman qeyd edirik ki, Akademiyanı bu cür saxlamaq effektsizdir. Hazırkı dövrdə dördüncü sənaye inqilabının çağırışları aktualdır. Bizim elm sahəsi isə bu çağırışlara cavab verə bilmir. Ona görə də Azərbaycanda elm, təhsil və texnologiyalar nazirliyinin yaradılması olduqca vacibdir. Bu addım proseslərin vahid mərkəzdən idarə olunmasına gətirib çıxarardı. Bir məqama diqqət yetirək. Bu gün AMEA-da 10 mindən çox əməkdaş fəaliyyət göstərir. Onların özlərinin effektliyinin nə dərəcədə olması xeyli düşündürücüdür. Həmin işçilərin heç 10 faizi effektli elmi araşdırmalarla məşğul deyil. Yalnız baş qatmaqla, gün keçirməklə elm olmaz. Akademiyanın Yüksək Texnologiyalar Parkı yaradılıb. Təsəvvür edin ki, Akademiya rəhbərliyi parkın məhsulu kimi bulaq suyunun qablaşdırılması, mühərrik yağının istehsalı ilə tanış olurdu. Amma dünya nanotexnologiyalardan danışır. Bu yanaşma ilə elmdən pul qazanmaq olar? Əlbəttə ki, yox. Ona görə də bizim ölkədə özünü maliyyələşdirə bilən elmi layihələr demək olar ki, yox dərəcəsindədir. Ölkə başçısı hər zaman dövlət siyasətində elmin nə qədər vacib yer tutmasını, bütövlükdə ölkə iqtisadiyyatının lokomativi rolunda elmin mövcudluğunu diqqətə çatdırır. Amma təəssüflər olsun ki, dövlət başçısının bu gözləntilərini Azərbaycan elmi doğrulda bilmir. Yəni, bu sahədə olduqca ciddi islahatlar aparılmalıdır. Bu sadəcə vasaitlərin artırılması ilə yekunlaşmamalıdır. Bununla bağlı biz çox gecikirik. Biz nə qədər ki, elmi universitetlərə verməyəcəyik, universitetlər təhsillə bərabər elmlə məşğul olmayacaqlar, o zaman bu sahədə effektivliyi heç vaxt görməyəcəyik. Məsələn, sadə bir nümunə qeyd edim. Bu gün universitetlərdə, Akademiyada elmi işlər müdafiə olunur. Elmi dərəcələrin təsdiqi belə hələ universitetlərdə deyil. Bu mənada universitetlərə ciddi muxtariyyət verilməsinin vaxtı çoxdan çatıb. Və ali məktəblərdə elmi potensialı inkişaf etdirmək, elmi araşdırmaları yenidən qurmaq, müasir dünya elminə inteqrasiya oluna bilən və dövlətçilik tələbinə cavab verən sistem formalaşdırmaq vacibdir. Eyni zamanda, dünya iqtisadiyyatının perespektiv inkişaf istiqamətlərinə müvafiq olaraq Azərbaycan elminin inkişafı zəruridir”.
Elmin kommersiyalaşması sıfır səviyyəsindədir
İ.Orucov onu da qeyd edir ki, Akademiyanın universitetləri vəsait qazana bilmirlər: “Elmin kommersiyalaşması xeyli ciddi məsələdir və zamanın tələbidir. Akademiyanın maddi-texniki bazası büdcədən ayrılan vəsaitlər hesabına xeyli gücləndirilib. Elementar Orta Asiya səviyyəsində strateji əhəmiyyət kəsb etməyən tədqiqatlar aparılır, nə qədər plagiat işlər var. Bunlarla biz hara gedə bilərik? Elmi araşdırmalar üçün dövlətdən vəsait gözləməməliyik. Beynəlxalq elmi qrantların Azərbaycana gətirilməsinə çalışmalıyıq. Eyni zamanda, elmi işçilərin peşəkarlığı artırılmalı və Azərbaycan elmi gəncləşdirilməlidir. Bu gün ciddi elmi nətcə əldə edə bilməyən elmi müəssisənin rəhbərinin hansı məntiqlə bahalı maşınlarda gəzməyə ixtiyarı var? Bu, sadəcə olaraq, elmin məmurlaşması, elmin bürokratikləşməsidir. Akademiya pul qazana bilmirsə, necə olur ki, xidməti maşınların alınmasına büdcədən yüzminlərlə vəsait gedir? Akademiyada elmi mühit yoxdur, ora sadəcə bataqlıqdır. İllərdir deyirik ki, gəlin dövlət proqramı çərçivəsində, dövlətin vəsaiti hesabına xaricdə təhsil almış gəncləri elmə cəlb edin. Bunu etmək əvəzinə, gənclərə qısqanclıq hissi ilə yanaşırlar. Ora gələn istedadlı gənclər də vəziyyəti görüb dərhal oradan uzaqlaşırlar. Biz nə qədər belə dəyərli gəncləri, beyinləri itirdik. Bu gün Akademiyada çox az sayda fədakar alimlər var.. Yəni elm qohumbazlığı sevmir, elm bürokratiyanı sevmir və s. Bu formada isə elmin gələcəyindən danışmaq mümkün deyil. Ona görə də bizdə elmin kommersiyalaşması sıfır səviyyəsindədir ”.
Bu sahə təkcə büdcədən asılı olmamalıdır
Mövzu ilə bağlı Azərbaycan İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Əli Əlirzayev hafta.az-a açıqlamasında qeyd edib ki, elmə büdcə imkanlarına uyğun olaraq vəsait ayrılır:
“Düzdür, Azərbaycanda elmə ayrılan vəsait yetərli deyil, amma büdcənin imkanları da buna çatır. Digər tərəfdən, büdcədən ayrılan vəsaiti əsaslandırmaq lazımdır. Demək olar ki, Azərbaycanda elm sahəsində böyük inkişaf olmadığından nəzərdə tutulan vəsait daha çox elmi işçilərin əməkhaqlarının ödənilməsinə, elmi müəssisələrin saxlanılmasına gedir. Digər tərəfdən, bu sahə təkcə büdcədən asılı olmamalıdır. Bu sahənin inkişafı üçün alternativ variantlar var. Bu variantlar Azərbaycanda yox dərəcəsindədir. Yəni layihələr özü-özünü maliyyələşdirməli, özəl sektor bu sahəyə investisiya yatırmaqda maraqlı olmalı, elmi məhsulun satışından müəyyən gəlir əldə olunmalıdır və s. Bunlar bizdə çox aşağı səviyyədədir. Bu sahəni inkişaf etdirmək üçün prioritet sahələr müəyyənləşməlidir və məsələdə mövcud reallıqlar da nəzərə alınmalıdır. Məsələn, dünya NANO texnologiyadan danışır. bu sahəni prioritet kimi götürsək, digər aparıcı ölkələrlə rəqabət apara bilməyəcəyik. bizdə bununla bağlı mövcud potensial aparıcı ölkələr səviyyəsində deyil. Ona görə də elmlə bağlı prioritet sahələri müəyyənləşdirərkən həm də mövcud potensialımızı nəzərə almalıyıq ki, qoyulan vəsait effektli olsun”.