Yevlaxda akademik Zərifə Əliyevanın xatirəsi anılıb

14:25 27.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə “İnsanlığa nur saçan ömür” mövzusunda tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyevanın mənalı ömür yoluna həsr olunmuş sərgiyə baxıblar.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib. Bildirib ki, Zərifə xanımın zəngin və çoxşaxəli fəaliyyəti Azərbaycan ziyalısının ən mükəmməl obrazlarından biridir. Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin formalaşması prosesində dahi rəhbərin ən sadiq dayaqlarından biri olub.

Anar Tağıyev Zərifə xanımın həyat fəlsəfəsindən və yüksək insani keyfiyyətlərdən bəhs edib, onun insanlara göstərdiyi diqqət və qayğının hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğunu, oftalmologiya sahəsində apardığı elmi tədqiqatların bu gün də öz aktuallığını qoruyub saxladığını və yeni nəsil həkimlər üçün bir məktəb kimi xüsusi önəm daşıdığını vurğulayıb. Qeyd edib ki, akademik Zərifə Əliyeva Azərbaycan qadınının simvoludur, onun keçdiyi həyat yolu və elmi fəaliyyəti gənclər üçün böyük motivasiya mənbəyidir.

Milli Məclisin deputatı İlham Məmmədov çıxışında akademik Zərifə Əliyevanın keçdiyi zəngin həyat yolundan ətraflı bəhs edib, Azərbaycan tibb elminin inkişafına verdiyi töhfədən danışıb. Həmçinin Zərifə xanımın görkəmli oftalmoloq-alim olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı şəxsiyyət olduğunu, onun elmi və mənəvi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov akademik Zərifə Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən danışıb, onun elmi araşdırmaların, xüsusilə peşə patologiyaları sahəsində apardığı işlərin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini bildirib. Akademik Zərifə Əliyevanın insanpərvərliyindən və həkim etikası sahəsində göstərdiyi nümunəvi fəaliyyətindən bəhs edib.

Tədbirin bədii hissəsində Əməkdar artist İlkin Əhmədovun ifasında konsert proqramı təqdim olunub, mahnılar səsləndirilib.