Zaman Ermənistanın əleyhinə işləyir - Politoloq

17:48 14.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-cil il üçün dünya ölkələrində insan hüquqlarının vəziyyəti barəsində illik hesabat dərc olunub. Hesabatın bizim üçün əsas maraq doğuran hissəsi Ermənistan tərəfindən 2020-ci ildə II Qarabağ müharibəsi zamanı əsir düşmüş azərbaycanlılara qarşı qeyri-insani rəftar, insanlığa sığmayan, alçaldıcı hərəkətlər haqqında məlumatların əksini tapmasıdır.

Bu fikirləri hafta.az-a siyasi ekspert Amid Əliyev deyib.

Onun sözlərinə görə, qeyd olunan faktlarla bağlı onu demək olar ki, ABŞ Azərbaycan tərəfindən aşkar edilmiş halları tam şəkildə tanıyır və insanlığa qarşı cinayət kimi təfsir edir. ABŞ tərəfindən son zamanlar Ermənistana qarşı sərgilənən belə sərt mövqe birinci hal deyil:

“Bundan bir qədər əvvəl ABŞ Ermənistana ayrılmış maliyyə yardımının da azaldıldığını və “Dağlıq Qarabağ”a isə ümumiyyətlə heç bir yardımın ayrılmacağını bildirmişdi. Bu Azərbaycan dövləti tərəfindən həyata keçirilmiş uğurlu diplomatik manevrlər sayəsində mümkün olub”.

Ekspert vurğulayır ki, bütün bunlar, Ermənistanın Azərbaycana qarşı 30 il ərzində həyata keçirdiyi cinayətlərin aşkar edilməsi, həmin cinayətlərin dünya ictimaiyyətinə təqdim edilməsi siyasəti vasitəsilə mümkün olub:

“İşğaldan azad edilmiş ərazilərdə Azərbaycana qarşı erməni vandalları tərəfindən urbisid, ekosid cinayətləri həyata keçirilib ki, bunlar üzrə lazım olan faktlar toplanıb və müvafiq qaydada Ermənistan dövlətini mühakimə etmək üçün beynəlxalq məhkəmələrə müraciət ediləcək. ABŞ tərəfindən isə belə bir bəyanatın dərc edilməsi Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasəti daha da gücləndirir.

İllərlə azərbaycanlılara qarşı etnik təmizləmə, genosid və deportasiya siyasətini həyata keçirən Ermənistan dövlətinin daha da ağır cinayətləri bu günlərdə işğaldan azad edilmiş ərazilərdə aşkar edildi. Belə ki, Başlıbel və Edilli kəndlərində, eləcə də qanunsuz erməni silahlılarından təmizlənən Fərrux yüksəkliyində kütləvi məzarlıqların aşkar edilməsi bu faktı təsdiqləyir. Bundan əlavə, azad olunmuş Füzuli, Cəbrayıl, Ağdam, Kəlbəcər və Laçında azərbaycanlılara məxsus qəbirlərin dağıdılması faktı da müəyyən edilib. Bununla yanaşı, 30 illik işğal dövründə azərbaycan xalqının tarixi, mədəni və mənəvi irsi erməni barbarları tərəfindən qəsdən dağıdılıb, ərazidə mifik erməni toponimləşməsi həyata keçirilib.

Bu gün də erməni dövləti tərəfindən azərbaycanlılara qarşı terror xarakterli təxribatlar azad olunmuş ərazilərdə davam edir. Bu ərazilərin minalanması ilə bağlı olan faktdır. Belə ki, müharibə bitəndən sonra təxminən 200-dən çox mülki şəxs həmin erməni mina siyasətinin qurbanı olub. Ermənistan tərəfindən Azərbaycana təqdim olunan mina xəritələrinin etibarlılğı isə cəmi 25% təşkil edir. Burada əsas məqsəd Azərbaycanın bu ərazilərdə məskunlaşma, kənd təsərrüfatı işlərinin aparılması, yenidənqurma və inkişaf  strategiyasını yubatmaqdır. Bununla da Ermənistan beynəlxalq hüququn və konvensiyaların, ən əsası isə insan hüquqları haqqında 1975-ci il Helsinki yekun Aktının bütün müddəalarını kobud surətdə pozmaqda davam edir. Belə olan halda, Azərbaycan Ermənistan dövlətinin və erməni canilərinin azərbaycanlılara qarşı törətmiş olduğu bütün növ cinayətləri faktlara əsaslanaraq ifşa etməklə, bu işdə günahkar olanların beynəlxalq ədalət qarşısında cavab verməsini təmin edəcəkdir.

Artıq Azərbaycan tərəfindən bölgədə yaradılmış yeni geosiyasi konfiqurasiya, eləcə də aşkar edilmiş faktlar, zaman və şəraitin Ermənistanın əleyhinə işlədiyini göstərir. Dünya birliyi və aparıcı beynəlxalq təşkilatlar bu fonda Azərbaycanın haqlı mövqeyini tam şəkildə dəstəkləyirlər. Belə olan halda Ermənistan dövləti qısa müddət ərzində Azərbaycana vurulmuş ziyanı ödəməli, cinayətkar ermənilər isə haqq-ədalət qarşısında dayanmalı olacaqlar”.