Zəfər Paradı hərbi qüdrətimizin rəmzi kimi tarixə düşdü – Bəhruz Quliyev

10:02 12.11.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Bu gün Azərbaycan Ordusu təkcə regionun deyil, həm də geniş mənada Avrasiya məkanının ən çevik, müasir və yüksək texnoloji potensiala malik hərbi qüvvələrindən biridir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra ordu quruculuğu prosesi daha da dərinləşib, struktur, taktika və texnoloji modernləşmə paralel şəkildə həyata keçirilib. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü, ən intizamlı və müasir döyüş imkanlarına malik ordusu kimi qəbul olunur".

Bu fikirləri Hafta.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, Bəhruz Quliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, Bakıda keçirilən və Zəfərin beşinci ildönümünə həsr olunmuş Hərbi parad, bu reallığın parlaq sübutudur. Parad göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri artıq təkcə döyüş meydanında qələbə qazanan ordu deyil, həm də strateji düşüncə, texnologiya və milli müdafiə sənayesi gücü ilə fərqlənən modern hərbi sistemdir:

“Paradda nümayiş olunan pilotsuz uçuş aparatları, zirehli texnikalar, raket və aviasiya sistemləri, eləcə də elektron müharibə vasitələri göstərdi ki, Azərbaycan artıq müdafiə sahəsində xarici asılılığı minimuma endirib. Ölkənin Milli Müdafiə Sənayesinin məhsulları yerli dronlar, rabitə sistemləri və modernləşdirilmiş texnika Azərbaycanın “alıcı ölkə” mərhələsini geridə qoyduğunu, artıq “istehsalçı və ixracatçı ölkə” kimi mövqeyini gücləndirdiyini nümayiş etdirdi.

Xüsusi diqqətəlayiq məqam odur ki, builki paradda Xüsusi Təyinatlı Qüvvələrin sayının və potensialının artımı açıq şəkildə hiss olunurdu. Onların taktiki hazırlığı, avadanlıq təminatı və döyüşə tam adaptasiyası göstərir ki, Azərbaycan bu istiqamətdə elit, peşəkar və çoxfunksiyalı qüvvələr formalaşdırıb. Bu, müasir müharibə reallıqları fonunda çevik reaksiya verə bilən və hərbi əməliyyatların taleyini dəyişən əsas qüvvə kimi çıxış edir”.

Bir sözlə, 2025-ci ilin Zəfər Paradı artıq tarixə sadəcə bir hərbi nümayiş kimi deyil, Azərbaycanın hərbi, texnoloji və mənəvi qüdrətinin rəmzi kimi düşdü".