Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın 20 vətəndaşının Ukraynaya girişinə, biznes fəaliyyəti ilə məşğul olmasına, əmlak satın almasına qadağa qoyulmasını, eləcə də maliyyə aktivlərinin dondurulmasını əhatə edən əmr verib.
Hafta.az-ın Ukrayna mediasına istinadən yazdığına görə, məhdudiyyətlər Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili, hazırkı baş nazir İrakli Kobaxidze, daxili işlər naziri Vaxtanq Qomelauri və digər şəxslərə tətbiq olunacaq.
“İndilərdə əmr imzaladım və əmrə əsasən Milli Təhlükəsizlik Şurasının sanksiyalarla bağlı qərarı qüvvəyə minəcək. Bu sanksiyalar Gürcüstan hakimiyyətinin ölkəni Putinə təhvil verən hissəsinə tətbiq olunacaq. Ukrayna şəxsən İvanişviliyə və onun həmfikirlərinə – 19 nəfərə qarşı sanksiyalar tətbiq edib. Məhz Gürcüstanın və xalqın maraqlarını satanlara. Biz Avropanı, Amerikanı, dünyadakı hamını eyni şəkildə hərəkət etməyə, prinsipial hərəkət etməyə çağırırıq”, - Zelenski müraciətində deyir.
“Bu regionda heç kimi itirmək olmaz – nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı”, - Zelenski qeyd edir.
Ukraynanın Prezidentinin veb səhifəsində dərc olunmuş əmrdə deyilir ki, sanksiyalar aşağıdakı şəxslərə tətbiq olunacaq: Bidzina İvanişvili, Kaxa Kaladze, Qiorqi Liluaşvili, Çinçaladze Mixeili, Vaxtanq Qomelauri, Mdinaradze Mamuka, Partsxaladze Otari, Ruxadze İrakli, Murusidze Levani, Caparidze Viktori, Samxaradze Dimitri, Xaindrava Qiorqi, Kobaxidze İrakli, Kobaxidze Qiorqi, Şalamberidze Zviadi, Tadumadze Şalva, Tsulukiani Tea, Karseladze İrakli, Bekauri Kaxa.
Siyahıya daxil edilən şəxslərin Ukraynadakı maliyyə aktivləri on il müddətinə dondurulacaq, onlara Ukraynada bizneslə məşğul olmaq qadağan ediləcək, Ukraynaya girişləri məhdudlaşdırılacaq, vizaları ləğv ediləcək, onlara Ukraynada əmlak və torpaq almaq qadağan ediləcək.