Ukraynanın ölkə prezidentinin müharibə zamanı həlak olması ilə bağlı planı var, Ukrayna rəsmiləri bu barədə açıq danışmaqdan imtina edirlər. Bu barədə Amerikanın Politico nəşri yazır.
Nəşrin müəllifləri qeyd edirlər ki, prezidentin rus qoşunları tərəfindən mümkün sui-qəsd məsələsi nə Ukraynada, nə də Qərbdə diqqətdən kənarda qala bilməz. Vladimir Zelenski sadəcə olaraq dövlətin formal lideri deyil. O, Rusiyaya qarşı mübarizəyə beynəlxalq dəstəyin cəlb edilməsində şəxsən əsas rol oynayır.
Nəşr xatırladır ki, genişmiqyaslı müharibənin əvvəlində Ukrayna rəsmilərinin fikrincə, ruslar Ukrayna prezidentini aradan götürmək üçün bir neçə dəfə cəhd ediblər və radikal rus deputatları və “hərbi müxbirlər” hələ də müntəzəm olaraq Zelenskini öldürməyi tələb edirlər.
“Həyatı üzərində olan təhlükəyə görə, Zelenskinin xarici səfərləri son dərəcə məxfiliklə planlaşdırılır. Ukrayna rəsmiləri bu ilin fevralında onun (Zelenskinin) gözlənilən gəlişinə üç gün qalmış Brüsselə planlaşdırılan səfərlə bağlı məlumat ortaya çıxanda qəzəbləndi və bu, səfərini təhlükə altına qoydu”, - qəzet yazır.
Nəşr qeyd edir ki, Ukrayna rəsmilərinin bu barədə danışmaq istəməməsinə baxmayaraq, hələ də Zelenskinin ölümü ilə bağlı fəaliyyət planı mövcuddur. Keçən il ABŞ-ın dövlət katibi Entoni Blinken müsahibəsində “hökumətin davamlılığı” ilə bağlı “ukraynalıların planlarının olduğunu” bildirərkən bunu faktiki olaraq təsdiqləyib.
“Politico” hesab edir ki, Zelenskinin yoxluğunda Ali Radanın sədri Ruslan Stefançuk, Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksiy Reznikov Ukraynaya birgə rəhbərlik edəcək. Valeri Zalujnı ordunun baş komandanı postunda qalacaq.