Ukrayna prezidenti Vladimir Zelenski Qazaxıstandakı səfiri Petro Vrublevskini vəzifəsindən azad edib. Hafta.az bildirir ki, bu barədə dövlət başçısının aparatının saytında yerləşdirilən müvafiq sərəncamda deyilir.
Qazaxıstandakı diplomatik missiyanın yeni rəhbəri hələ təsdiqlənməyib, Ukraynanın Qazaxıstanda müvəqqəti işlər vəkili təyin edilib.
Avqustda Vrublevski rusları öldürməyə çağırıb. O qeyd edib ki, bu yolla ukraynalıların gələcək nəsillərinə kömək etmək olar. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə bəyanatların ancaq terror dövlətinin nümayəndəsi tərəfindən verilə biləcəyinə diqqət çəkib.
Avqustun 23-də Qazaxıstan Xarici İşlər Nazirliyində nazir müavini Ermuxambet Konuspayev Vrublevski ilə görüşüb. Səfirə ruslarla bağlı açıqlamalarına görə etiraz edilib. Daha sonra Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Vrublevskinin “arzuolunmaz statusu var”.