Zelenskini qəhrəman prezident hesab edirəm – Ərəstun Oruclu

18:38 05.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az əməkdaşıyla növbəti söhbətində Ukraynadakı savaş fonunda Rusiyanın Qərbə qarşı nüvə və ya digər kütləvi qırğın silahından istifadəsi ehtimalını təhlil edib, Rusiya hərbi elitasının Putini devirə bilməsi versiyasından danışıb, Rusiya və eləcə də Ukrayna liderlərinin guya hansısa qaranlıq güclər tərəfindən idarə olunan fiqur olmaları haqda konspiroloji baxışlara münasibət bildirib.

-Ərəstun bəy, son təhlilləriniz nəyi göstərir, sizcə, ABŞ, Britaniya, yaxud digər NATO üzvləri: Almaniya, Polşa artıq Ukraynaya birbaşa qoşun yeritməklə yardım etməyə vadar olsa, Putin dərhal nüvə silahına əl atarmı? Və onun ümumiyyətlə, administrativ və texnoloji baxımdan nüvə raketlərini dərhal hərəkətə gətirmək imkanı realdırmı?

-Əvvəla, düşünmürəm ki, ABŞ, Britaniya, Polşa və digər NATO ölkələri müharibənin indiki mərhələsində Ukraynaya qoşun yeridə bilər. Bunun üçün çox ciddi əsas olmalıdır. Əsas nə ola bilər? Deyək ki, Ukraynanın NATO-ya və ya heç olmasa, Avropa Birliyinə qəbul edilməsi. Düzdü, AB-yə qəbul istiqamətində müəyyən addımlar atılmaqdadır. Amma bu, hər şeydən, siyasi qərardan başqa, bir uzun prosedur məsələsidir. Yəni bunu ani olaraq, qısa zamanda həyata keçirmək mümkün deyil. Və ona görə də hansısa NATO dövlətinin Ukraynaya qoşun yeritməsindən danışmaq, hesab edirəm ki, hələ tezdir və bu, ümumiyyətlə, görünən proses deyil...

Qaldı ki, Rusiyanın nüvə silahından istifadəsinə və ya hansı hallarda istifadəsinə, düşünürəm ki,  Putinin Ukraynadakı bu məğlubiyyəti davam edərsə, Rusiya hansısa kütləvi qırğın silahının istifadəsinə əl ata bilər. Ancaq bunun da çox mürəkkəb bir proseduru var. Bilirsiz ki, nüvə silahının işə düşməsi üçün ən azı 3 əldə olan kodlar açılmalıdır ki, həmin silah işə düşsün. Bu kodlar da ölkənin Ali Baş Komandanında, Müdafiə nazirində və Baş Qərargah rəisində olur. Bunu da nəzərə alaraq hesab etmirəm ki, Rusiyada hər kəs Putin kimi düşünür və belə bir çox ağır məsuliyyətli addımı ata bilər.  Hərçənd Putinə gəlincə, onun Müdafiə naziri və Baş Qərargah rəisinə təsiri mütləq olarsa, Rusiyada nüvə raketlərinin atılacağını istisna etmirəm. Amma bu, dediyim kimi, çox ağır məsuliyyət tələb edir və  çox ağır nəticələri ola bilər. Zənnimcə, hələlik Rusiyanın belə bir addım atacağı görünmür, söhbət, sadəcə, hədədən gedir. Hərçənd, dediyim kimi, hökmən deyil ki, Rusiyanın istifadə edəcəyi silah atom  və ya hidrogen bombası olsun. Digər kütləvi qırğın silahları, məsələn, iri həcmli vakuum bombaları var ki, onlar dağıdıcı effektlərinə görə elə atom bombasına, nüvə silahına yaxın sayılır. Putinin onlardan da yararlanması mümkündür. Və bildiyiniz kimi, tam təsdiqini tapmamış məlumatlara görə, artıq bu günlərdə Xarkova böyük bir vakuum bombasının atılmasının görüntüləri yayılıb... Amma siz deyən kimi, hadisələrin inkişaf ssenarisi dəyişərsə və NATO Rusiya ilə birbaşa savaşmağa məcbur olarsa, bu halda Putinin məhz nüvə raketləri atacağını istisna etmirəm...

Nüvə silahını hərəkətə gətirmək haqda fikrimi dedim. Bu, elə də asan məsələ deyil. Məsələn, 1962-ci ildəki Karib böhranı zamanı Moskvadan sovet sualtı atom qayığından raket atılması əmri verilib. Ancaq həmin qayıqda raketin işə düşməsi üçün açarı burmalı olan zabit bundan imtina edib. Və illər keçəndən sonra onun adı da açıqlanıb və o, məşhurlaşıb, bir sıra dünya ölkələrindən nüvə savaşının qarşısını almış bir insan kimi çoxsaylı mükafatlar da alıb. Yəni dediyim kimi, nüvə savaşını başlatmaq elə də asan məsələ deyil. Və bu baxımdan Putinin ən yaxın ətrafının belə, onunla eyni aqibəti, taleyi bölüşməyə hazır olmasına şübhə edirəm...

-Ukraynada savaşın başlanmasında Rusiya ilə yanaşı, Qərbi, ABŞ-ı da suçlu hesab edirsinizmi?

-Əlbəttə, mən hesab edirəm ki, Ukraynadakı savaşın başlanmasının əsas səbəbkarı Rusiya hakimiyyətidir, Putindir. Amma burada, şübhəsiz ki, Qərbin də günahı var. Çünki Rusiyanın qarşısı zamanında alınmalı idi. Bax, indi tətbiq olunan sanksiyalar Rusiyaya qarşı 8 il öncə Putin Krımı ilhaq edəndə, Donbasda separatçı qurumlar yaradanda, ondan əvvəl 2008-ci ildə Gürcüstana hücum edəndə və heç olmasa, bu ilin yanvarında Moskva Qazaxıstana müdaxilə edəndə tətbiq olunmalıydı. O zamanlardan Rusiya dövlətinə qarşı sərt təpkilər edilməliydi. Digər məsələ isə, əlbəttə ki, geo-siyasi mübarizə məsələsidir. Ukrayna problemi yeni geo-siyasətin cızılmasının fəsadlarından biridir. Və burada iştirak edən tərəflərin az və ya çox günahı var. Amma təbii ki, əsas günahkar birmənalı olaraq Rusiyadır. Çünki o, müstəqil dövlətə qarşı işğalçı savaş başladıb. Ona görə ki, o, həmin dövlətin ərazisini işğal edir, şəhərlərini, kəndlərini dağıdır, dinc sakinlərini qətlə yetirir. Yəni Rusiya işğalçı olaraq əsas günahkardır və bunun başqa adı yoxdur...

-Sizcə, Zelenski doğrudan da ölkəsinin əsl qəhrəman prezidentidir, yoxsa bəzilərinin düşündüyü və ya təbliğ etdiyi kimi, qaranlıq super güclərin öz oyunları üçün yararlandığı bir fiqurdur?

 -Siyasətin ən ciddi tərəfi onun görünən tərəfidir. Yəni hələ Bismarkdan gələn bir “real politik” anlayışı var. “Real politik” odur ki, siyasətçi seçkilərə gedir, seçilir və ölkəni idarə etməyə başlayır; bu zaman o ya ölkənin maraqlarına xidmət etmir, yaxud  öz maraqlarına və ya hansısa xarici qüvvənin maraqlarına xidmət edir. Zelenski hakimiyyətə gəldiyi gündən Ukraynanı illər boyu dağıdılımış, talanmış bir vəziyyətdən çıxarmağa çalışır. Və Rusiya ilə savaş da göstərdi ki, o, prezident olaraq xalqının yanındadır, xarici təhdidlərdən qorxmur, çəkinmir və ən qətiyyətli addımlar atır... Azərbaycan ordusu kimi Ukrayna ordusu da Rusiya tərəfindən illər boyu dağıdılıb. Buna rəğmən Zelenski cəmi iki il ərzində Ali Baş Komandan və dövlət başçısı kimi ölkə ordusunun islah olunması üçün müstəsna xidmətlər göstərib. Ona görə mən gördüklərimizi dəyərləndirirəm. Pərdə arxasında görünməyən bir şeyi axtarmaq, onu uydurmaq və onun haqqında danışmaq - bu, ekspertin işi deyil. Ekspertin işi obyektiv dəyərləndirməkdir. Ona görə də hesab edirəm ki, Azərbaycandakı bu tipli düşüncə, bu konspiroloji düşüncə, bu, artıq siyasi savadsızlığın, cəhalətin fəsadlarıdır. Mən belə bir cəhalətə imza ata bilmərəm və özümü cahil və dünyagörüşsüz saymıram. Mən ekspert olaraq hər hansı siyasi fiquru və ya situasiyanı obyektiv kriterilər əsasında dəyərləndirirəm. Və bu prizmadan yanaşdıqda Zelenskini qəhrəman prezident hesab edirəm...

-Bəzi Rusiya ziyalıları, hərbçiləri, o cümlədən keçmiş “KQB” generalı İvaşov hələ 10-15 il öncədən hesab edir ki, Putin əslində Rusiyanı çökdürmək və Yeni Dünya Düzəni qurmaq istəyən Amerika dərin dövlətinin agentidir və tədricən rus xalqının məhvinə xidmət edir. Bunu onun, məsələn, 2017-ci ilədək ABŞ-ın keçmiş Dövlət katibi Henri Kisincerlə bağlı qapılar arxasında 18 dəfə görüş keçirməsini, həmçinin son 20 ildə Rusiyada 40 minə yaxın kəndin yox olması ilə əsaslandırırlar.  Bu fikrə münasibətiniz? Putin doğrudanmı hansısa qaranlıq güclər tərəfindən idarə olunur?

-Açığı, mən Zelenskidən danışanda dediyim kimi, belə konspiroloji iddiaları ciddi qəbul etmirəm. Ona görə ciddi qəbul etmirəm ki, Putin Sovet İttifaqının  və həmin dövrdə dünyanın ən güclü xüsusi xidmət orqanlarından olan “KQB”-nin, yəni SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin yetirmələrindəndir. Və o, hakimiyyətdə təkbaşına deyil. Əgər biz Putinin ətrafına baxsaq,  onun hakimiyyətə gəldiyi ilk günlərdən özü kimi, ətrafındakı Sergey İvanov da, Nikolay Patruşev də, Aleksandr Bortnikov da, Sergey Narışkin də, İqor Seçin də - bütün bu komanda “KQB” “şineli”ndən çıxmış komandadır. Onda belə çıxır ki, SSRİ DTK tam heyətlə hansısa xarici qüvvələrə xidmət edib...

Və yaxud guya Putin kimlərləsə görüşlər keçirib, danışıqlar aparıb, üzərinə hansısa öhdəliklər götürüb. Bunlar ciddi dəyərləndirmə deyil. Dünyada geo-siyasi mübarizə gedir və müxtəlif siyasi maraqlar var. Rusiya və Azərbaycanda Kisincerin bu dərəcədə qabardılması da təəccüblüdür.  Təsəvvür edin ki, 6 ildir ABŞ-da yaşayıram və bu ölkənin siyasi meydanında Kisincer qədər adı iyrənc səslənən adamın olmadığının şahidiyəm. Kisincer Amerika tarixinin ən qara, ən cinayətkar fiqurlarından biri kimi qəbul olunan və geniş demokrat və liberal təbəqə tərəfindən daim tənqid, hətta təhqir atəşinə tutulan şəxslərdən biridir. O, məhz vaxtilə Ağ Ev administrasiyasında xidmət edərkən Vyetnam, Laos müharibəsi zamanı mənfur fəaliyyətinə görə tənqid və təhqir hədəfi olub. Bu gün Kisincerin kim olması, guya hansısa təsir sahəsinə malik olması, hansısa dərin dövlətin üzvü olması kimi iddiaları qəbul etmirəm. Bunlar ciddi söhbətlər deyil. Amerika dövlətinin gücü onun institutsional idarəçiliyindədir, onun dövlət aparatındadır, onun Pentaqonunda, Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhlükəsizlik Bürosu kimi qurumlarında və iqtisadiyyatındadır. Bu qədər nəhəng maşını hansısa bir qrup adamın, hansısa “gizli əl”in, “dərin dövlət”in idarə etməsini demək həqiqətən ciddi söhbət deyil... Və Rusiyaya gəldikdə,  əslində bu ölkənin ən ciddi problemi onu ələ keçirmiş, dövlət olaraq zəbt etmiş həmin o “KQB” komandasının qabiliyyətsizliyidir. Onların sadəcə, idarə üslubu budur, düşüncə, təfəkkür tərzi, dünyaya baxışları, dövlətçilik anlayışları budur.  Kisincerlər, Bjezinskilər, “dərin dövlət”lər, nə bilim, masonlar – bunlar hamısı, əminəm ki, bir uydurmadır. Dünya siyasətini, onun meyarlarını, onun strukturunu, onun necə işləməsini bilməyən insanların belə mülahizələr irəli yürütməsi anlaşılandır.  Amma bu, o demək deyil ki, həmin məsələrdə az-çox qabiliyyəti olan insanlar belə şeylərə qapılmalıdır. Ona görə Putin haqqında da belə konspiroloji düşüncələri qəbul etmirəm...

Qaldı Rusiyada 40 minə yaxın kəndin boşaldılmasına, bu korrupsiyanın, yeyintinin, dağıntının, talançılığın nəticəsidir. Özü də belə proseslər SSRİ dönəmində də olub. O dövrdə də on minlərlə kəndlər ən miskin durumda olub. Onda belə çıxır ki, sovet rəhbərləri də hansısa qaranlıq güclərə xidmət ediblər...

-Ərəstun bəy, necə düşünürsüz, hazırkı durumda Putinə qarşı gözlənilmədən hərbi-siyasi çevriliş həyata keçirilə bilərmi? Buna Rusiyada real şərait varmı?..

- Əslində  Ukraynadakı ədalətsiz savaş və Kremlə qarşı güclü sanksiyalar fonunda  Rusiyada saray çevrilişi aktuallaşıb. Biz əvvəldən gördük ki, Rusiya ordusunda yüksək generalitet Putinin nə orduya rəhbər təyinatları, nə ordu ilə davranışları, nə də xüsusilə Ukraynaya hücum əmri ilə razı deyil. Və orduda baş alıb gedən korrupsiya, özbaşınalıq, hakimiyyət elitasına yaxın adamların biznes kanallarıyla mənimsəmələri, təbii ki, Rusiya generalitetində qıcıq yaradır. Onu da unutmayaq ki, bu, rus ordusudur. Hətta indiki zəif, acınacaqlı durumunda da o, kifayət qədər güclü ordudur. Xüsusən də ölkənin daxilində... Ona görə də hesab edirəm ki, Putinin Rusiya daxilindəki yeganə  daha ciddi opponenti məhz ordudur. Və Rusiya liderinə qarşı ordu generaliteti tərəfindən hər hansı bir saray çevrilişi mümkündür. Mən düşünürəm ki, bu, yaxın bir il ərzində mümkün olacaq bir ssenaridir...