Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenska, Rusiyanın ölkəyə hücumunun ilk günündən həyat yoldaşı ilə görüşmədiyini, ancaq telefonla danışdığını deyib. Dünyaşöhrətli moda dərgisi “Vogue”a danışan xanım Zelenska bir sıra maraqlı məqamlara toxunub.
Rus işğalının ilk günlərini xatırlayan xanım Yelena bildirib ki, hər zamankı kimi, normal iş günü axşamıydı. “Məktəbdən qayıdan uşaqlar, vacib ev işləri, sabahkı məktəbə hazırlaşmaq... Belə demək olarsa, bir az da gərginlik vardı. Hər yerdə mümkün rus istilasının başlayacağına dair söhbətlər dolaşırdı. Təbii ki, bunun gerçəkləşəcəyini ağlımıza belə gətirmirdik. Axı 21-ci əsrdir, müasir dünyada yaşayırıq. Səhər saat 4-5 arasında yuxudan oyandım” deyən xanım Yelena əlavə edib ki, əvvəlcə partlayış olduğunu başa düşməyib. Ona görə də yuxulu vəziyyətdə nə olduğunu anlamağa çalışıb. “Yoldaşım məndən əvvəl yataqdan qalxmışdı. Mən oyananda o artıq kostyumda-ağ köynəkdə dayanmış, qalstukunu bağlayırdı. Hansı ki, o, son dəfə kostyum geyinirdi. Ondan sonrakı geyimi ancaq hərbi mundir olacaqdı... Dedi ki, “Başladı!”. Dediyi son söz bu olub. Soruşdum ki, uşaqları nə edim. Cavab verdi ki, tələsmə, vacib sənədləri filanı yığ və xəbər gözlə. Dedi ki, zəruri olduğunda özü bizə xəbər verəcək. Dedi və evdən çıxdı” deyən xanım müsahib bildirib ki, övladları o qədər də azyaşlı deyillər – birinin 17, digərinin 9 yaşı var. Bu səbəbdən də onlara ayrıca nəyisə başa salmağı ehtiyac bilməyib. Çünki Ukraynadakı bütün uşaqlar kimi, onlar da hər şeyi öz gözləri ilə görür və yaşayırlar. Amma yenə də, qızını və oğlunu oyadaraq hər şeyi olduğu kimi danışıb, suallarını cavablandırıb və sair. “Sonrakı günlərdə, yeri gələndə uşaqların tələblərinə sərt qarşı çıxırdım. Əgər işıqlar söndürülməliydisə, söndürürdüm, sığınacağa enməliydiksə, enirdik və bunun elə belə olmalı olduğunu başa salırdım. Məndən “atamı nə vaxt görəcəyik?” soruşduqda, “Yaxın günlərdə” cavabı ilə kifayətlənirdim və sair. Əslində ilk günlər birlikdə qalacağımıza qərar vermişdim, amma müharibə şəraitində Prezident Admnistrasiyası hərbi rejimdə çalışırdı və bizim orada olmağımız qəti yasaq idi. Ona görə də tam təhlükəsiz yerə köçməliydik, əlbəttə, Ukraynada belə yer qalmışdısa... Mən o vaxtdan Vladimirlə ancaq telefonla danışıram”, - deyib Ukraynanın birinci xanımı.
“İlk gündən gördüm ki, müharibə fərdləri və ümumilikdə cəmiyyəti daha da birləşdirdi. Hesab edirəm ki, bu hücum Rusiyanın böyük səhvidir. Biz öncə hamımız ukraynalıyıq, sonra isə hər şey. Bizi bölüb-parçalamaq, vətəndaş savaşına sürükləmək istədilər, amma başa düşdülər ki, bunu ukraynalılara qəbul etdirmək imkansızdır. Birimiz işgəncə gördükdə, təcavüzə uğradıqda, öldürüldükdə, hamımız eyni şeyləri yaşamış kimi hiss edirik” deyən xanım Yelena bildirib ki, tarix boyu dünyanın sülhsevər, müasir, mədəni gördüyü Ukrayna qadınları müharibə şəraitində cəsur və qəhrəmanlıq obrazı yaradırlar. Onlar artıq hər həyəcan siqnalı səslənəndə öz yaxınlarını zirzəmilərə, metrolara, başqa sığınacaqlara qaçıran cəfakeş ana və bacılardır.

Xanım Zelenska deyib ki, müharibənin üçüncü günü sığınacaqlardan birində bir körpə dünya gəlib və bundan sonrakı günlərdə artıq sığınacaqlarda uşaq dünyaya gətirmək adiləşdi. Çünki, məsələn, rusların bombaladığı Mariupolda xəstəxanalarda nə baş verdiyini hamı bilir.
O qeyd edib ki, qadınlar işğal altındakı şəhərləri, Buça və Qostomeldə olduğu kimi, həyatlarını risqə ataraq tərk ediblər. Hansı ki, bunun necə təhlükəli olduğunu dünya mart ayının əvvəllərində İrpində körpünün partladılması zamanı gördü. Müharibə boyunca yeni şəhər və kəndlər işğal edildikcə daha yeni faciələr ortaya çıxmaqdadır və sair.
Xanım Yelena cəfakeş ukraynalı xanımlardan birindən sitat gətirib: “Kiyev bölgəsinin işğalından sonra Buçada qalan həkim İrina Yazovanın hekayəsini hamımız eşitmişik. O, rus güllələrindən yaralanmış qonşularını və digərlərini ölümdən qurtardı. O, atəş altındakı işıqsız və susuz şəraitdə daha bir körpənin dünyaya gəlməsinə yardım edib”.
Yelena Zelenska məsləhət görüb ki, dünyanın bütün ölkələrində insanlar öz hökumətlərinə Ukrayna xalqına dəstək vermələrini tələb etməli və bunun üçün lazım olarsa, küçəyə çıxıb aksiya da keçirməlidir. Çünki Ukraynanın özündə də ilk günlərdən fərqli olaraq, artıq insanların həyatı tam dəyişib. İnsanlar evlərindən çıxmaq istəmirlər, amma çoxunun evi artıq yoxdur... Bütün hallarda, ukraynalılar rus işğalına qarşı çox güclü şəkildə birləşiblər.
“Ukraynalılar xeyli müddətdir Avropaya vizasız səfərlər edir, xalqımızın bir hissəsi xaricə getdi, amma orada uzun müddət qalmayacaq, hətta bir hissəsi artıq vətənə döndü. Arzu edirəm hər bir avropalı onlarla özləri kimi davransın, kömək göstərsin və qayğılarına qalsın. Həmin ana və uşaqların ən böyük arzusu öz evlərinə qayıtmaq, ailə olaraq yenidən bir arada yaşamaqdır” deyən Yelena Zelenska bildirib ki, bu gün o özü də bütün ukraynalılar kimi sadə həyatını yaşayır. “Hamımızın bir arzusu var: sülh görmək. Mən bir ana və xanım olaraq öz həyat yoldaşımın həyatı üçün çox narahatam. Övladlarımın özlərini təhlükəsiz hiss eləməsi üçün əlimdən gələni edirəm. Bu gün ailəm və xalqım, orduya və bir-birilərinə yardım etmək üçün təşkilatlanan inanılmaz insanlar mənə ümid verir. Hər kəs əlindən gələni edir, sırf bu çağırışı hiss etdikləri üçün əsgərlərə çörək bişirən analarımız var. Hamı qələbəyə çatmaq istəyir. Ukraynalılar bax, belədirlər”, - deyib ölkənin birinci xanımı...