“Zəngəzur dəhlizi bölgədə dinc həyatın bərqərar olmasına töhfə verəcək” - Konstantin Tasits

09:10 29.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Noyabrın ilk ongünlüyündə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada bir araya gələcəkləri barədə məlumatlar var. Artıq indidən tərəflərin bir sıra sənədləri, hətta Zəngəzur dəhlizinin yaradılmasına dair razılaşmanı da imzalayacaqları deyilir.

Hə, bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə işğaldan azad olunmuş ərazilərə - Füzuli və Zəngilana səfəri zamanı da dəhlizin açılması məsələsi Türkiyə və Azərbaycan prezidentlərinin gündəmdə idi. Hətta liderlər yeni yolun timsalında Zəngəzur dəhlizinin əsasını qoyduqlarını də elan etdilər. Bütün bunlara rusiyalı politoloqlar nə deyir, bölgəmizdə yaranan siyasi-iqtisadi güzərgah Moskvadan necə görünür?

Cənubi Qafqaz üzrə rusiyalı siyasi ekspert Konstantin Tasits Hafta.az-a müsahibəsinə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən Moskva görüşünə münasibət bildirməklə başladı:

- Moskva görüşünin vaxtı ilə bağlı fikirlər səslənsə də, tərəflər hələlik Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşünün dəqiq nə vaxt keçiriləcəyini rəsmən təsdiqləməyiblər. Bununla belə, mətbuatda Ermənistan - Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, eləcə də respublikalar arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı sənədlərin müzakirə olunduğu bildirilir. Gözləyək görək nə olacaq.

- Hələ də erməni müxaliflər Rusiyanın müharibədə Ermənistana dəstək verməməsindən şikayətlənir. Amma axı müharibə Ermənistan əraziisndə yox, Azərbaycanda gedib... Elə Moskva da hər dəfə bunu dedi. Qəribədir, bu gün də Ermənistan müxalifəti Paşinyanı və Moskvanı yenə ittiham edir. Nədə, sülh sazişi imzalamaqla guya Ermənistanı güzəştə məcbur edəcəklər. Sizcə bu güzəştlər nədir? Erməni müxalifəti nədən ehtiyyatlanır, Paşinyan doğrudanmı xalqına xəyanət edir?

- Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana qarşı ittihamlarına daxili siyasi mübarizə kontekstində baxmaq lazımdır. İstənilən ölkədə müxalifətçilər real və ya uydurma bəhanə ilə hakimiyyəti tənqid edirlər. Ermənistanda müxalifət ehtiyat edir ki, danışıqlar prosesi çərçivəsində Paşinyan Azərbaycana Ermənistanın və ya Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə xələl gətirəcək güzəştlərə gedə bilər.

- Zəngəzur dəhlizinin yaradılması planı həyata keçirilməkdədir. Şəxsən mən hesab edirəm ki, bu dəhliz Azərbaycan və Türkiyədən daha çox Ermənistanın iqtisadi çiçəklənməsinə kömək edəcək. Rusiya da ilk başdan bu dəhlizin yaradılmasına razıdır və hətta öz töhfələrini də verməkdədir. Siyasi mütəxəssis olaraq siz bu layihədən nə gözləyirsiniz, bölgəmiz bu layihədən nə qazana bilər?

- Kommunikasiyaların blokdan çıxarılması Cənubi Qafqazın bütün ölkələrinin xeyrinə olacaq. Ermənistanla İran bir-biri ilə, eləcə də Rusiya ilə birbaşa dəmir yolu əlaqəsi əldə edəcəklər. Azərbaycan Naxçıvana və Türkiyəyə ən qısa marşrutu çəkə biləcək. Bu, iqtisadi inkişaf, qarşılıqlı ticarətin artması üçün mühüm stimul olacaq və dinc həyatın bərqərar olmasına töhfə verəcək.

- Qəribədir, Azərbaycan, Rusiya, Türkiyə, hətta Ermənistan rəhbərliyinin dəstəklədiyi Zəngəzur dəhlizi layihəsinin əleyhinə yalnız İran çıxır. Sizcə çox heyrətedici deyilmi, İranı narahat edən nədir?

- Düşünürəm ki, İran da regionda bütün nəqliyyat əlaqələrinin açılmasını dəstəkləyir. Amma rəsmi Tehran Zəngəzur dəhlizinin də daxil olacağı Qərb - Şərq istiqamətində tranzit dəhlizlərinin İranı Ermənistan ərazisindən keçməklə Qara dənizdəki Gürcüstan limanları, eləcə də Rusiya ilə birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə maneə yarada biləcəyindən ehtiyyat edir.

- Zəngəzur dəhlizindən söz düşmüşkən, altıtərəfli formatın yaradılması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) təklif olunub və bu format bir növ böyük bir iqtisadi bazarın və ya ticarət ittifaqının yaradılmasını nəzərdə tutur. Sizcə, Moskvadan baxanda bu formatın gələcəyi necə görünür?

- Türkiyənin təklif etdiyi 3+3 formatının gələcəyini müzakirə etmək çətindir. Baxın, Gürcüstan ona qarşıdır, Ermənistanda isə müəyyən şübhələr var. Bundan əlavə, 3+3 formatı çərçivəsində hansı məsələlərin müzakirə olunacağı ilə bağlı konkret məlumatımız yoxdur. Amma hər halda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Moskva bu təklifi dəstəkləyir və bu formatı məsləhətçi mexanizm və ya regional problemlərin müzakirəsi üçün dialoq platforması kimi qiymətləndirir.

- Bu günlərdə Türkiyə Prezidentinin də iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə - Füzuli şəhərində beynəlxalq hava limanı, böyük avtoyollar və başqa obyektlər istifadəyə verildi. Hətta Zəngəzur dəhlizinin əsasının qoyulduğu deyilir. Bütün bunlar ona işarə etmirmi ki, artıq Ermənistanla Azərbaycan arasında düşmənçilik geridə qalıb, Türkiyə və Rusiyanın da iştirakı ilə bölgədə yeni siyasi-iqtisadi şərait yaranır?

- Təəssüf ki, Ermənistanla Azərbaycan arasında ziddiyyətlər və həll olunmamış məsələlər hələ də qalır. Hər iki respublikanın cəmiyyətində silahlı münaqişə zamanı verilən itkilərə görə düşmənçilik və qarşılıqlı nifrət çox güclüdür. Buna baxmayaraq, Rusiya sülhməramlılarının mövcudluğu yeni mümkün genişmiqyaslı qarşıdurmaların qarşısını alan sabitləşdirici amildir. Bu barışıq, dinc həyatın bərqərar olması və mövcud ziddiyyətlərin həlli üçün güzəşt variantlarının axtarışı üçün imkanlar pəncərəsi açır.

- İndi belə söhbətlər dolaşır ki, problem tamam aradan qalxdıqdan, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra, bu məsələyə verdiyi töhfələrə görə cənab Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürüləcək. Burada həqiqət axtarmaq olarmı, Putin Nobel sülh mükafatı ala bilərmi?  

- Bu sual daha çox Nobel Komitəsinə ünvanlanmalıdır. Onsuz da son illər mükafatçılar üçün seçim meyarları əksər hallarda qeyri-şəffafdır və ifrat dərəcədə siyasiləşdirilir.