Zəngəzur dəhlizinin açılmasına da nail olacağıq - İxtiyar Şirinov

14:16 20.05.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Prokurorluq və məhkəmələr işğaldan azad torpaqlarda tamamilə başqa ab-havada çalışmalıdır

“Həftə içi” əməkdaşının Azərbaycanın sabiq Baş prokuroru İxtiyar Şirinovla söhbəti zamanı onun Kəlbəcər və Laçın yaylaqlarında keçirdiyi uşaqlıq illəri, son Qarabağ savaşındakı qələbəmiz, həmin qələbədən sonra işğaldan azad torpaqlarda prokurorluq və məhkəmə orqanları qarşısında duran vəzifələr və s. mövzularda maraqlı məqamlar üzə çıxıb.

- İxtiyar müəllim, öncə müstəqilliyimizin bərpasının ilk mürəkkəb və çətin illərində Baş prokuror olaraq rəhbər vəzifədə çalışmış biri kimi sizin, nəhayət, 30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycan dövlətinin, ordusunun Qarabağdakı son şanlı uğurlarına baxışlarınız oxucularımız üçün də maraqlı olardı?

- Əlbəttə, bütün  Azərbaycan xalqı bu şanlı qələbəmizi necə dəyərləndirirsə, mən də o cür dəyərləndirirəm. Buna başqa ad vermək olmaz. Azərbaycan dövləti, ordusu şəhidlərimizin, qazilərimizin canı, qanı sayəsində torpaqlarımızın böyük bir hissəsini düşmən işğalından azad etdi. Bu münasibətlə göstərdiyi təpər və qeyrətə görə ilk növbədə xalqımızı, dövlətimizi, Ali Baş Komandan, Prezident İlham Əliyevi və Milli Ordumuzu təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin!

Torpaqlarımızın müəyyən  bir hissəsi də məlum razılaşmaya əsasən hələlik Rusiya sülhməramlı qüvvələrinin nəzarətində qalıb. İnşallah, ümid edirik ki, həmin ərazilərimiz də yaxın müddətdə dövlətimizin yurisdiksiyası altına keçiriləcək. O cümlədən Laçın şəhəri və ətraf kəndlərin də azad ediləcəyi günü görəcək və Laçın Turşsuyundan da içəcəyik. Və tezliklə Naxçıvana və Türkiyəyə  Zəngəzur dəhlizinin açılmasına da nail olacağıq. Dövlətimiz bu istiqamətlərdə ciddi işlər aparır. Və hamımız bu yolda  çalışaraq dövlətimizə, ordumuza dəstək olmalıyıq...

- Səhv etmirəmsə, Beyləqan da yaşasanız da, Kəlbəcərdə anadan olmusuz. Yəqin, bu  cənnət yurdumuzun azadlığına daha çox sevinirsiniz?

- Bəli,   sovet dövründə ailəmiz kolxoz-sovxoz təsərrrüfatlarındakı fəaliyyəti ilə bağlı hər yay Kəlbəcərin, Laçının yaylaqlarında  olurdu. Belə gözəl günlərdən birində, gözəl Kəlbəcərin İstisuyu yaxınlığında, Ayıçınqılı dağındakı  yaylaqlardan birində dünyaya   göz açmışam. “Ceyran bulağı”, “Xan bulağı”, “Gəlin qayası” deyilən gözəl məkanların, eləcə də Laçın dağlarındakı digər yaylaqların havasını udmuşam, suyunu içmişəm. Kəlbəcəri heç də kəlbəcərlilərdən az tanımıram. Mən deyərdim ki, Kəlbəcər dünyanın “ən gözəl yerlərindən biri” yox,  ən gözəl yeridir, birincisidir. Kəlbəcər, Şuşa, Laçın dünyanın ən gözəl yerləridir... Vətənimiz Azərbaycanın hər yeri gözəldir...

- Ömrünüzün, təxminən, neçə ili keçib Kəlbəcərdə, Laçında?

- Demək olar ki, uşaqlığım, ilk gəncliyim... Orta  məktəbi bitirənədək hər il o cənnət dağlarımızdakı yaylaqlara yollanmışam... Və sonradan arada bir gəzməyə getmişəm. Sonuncu dəfə isə 1991-ci ilin yayında olmuşam o yerlərdə... Həmin vaxt ermənilər Laçının yaylaqlarından birində yerləşən İmişli camaatının yataqlarına hücum etmişdi, şəhidlərimiz və yaralananlarımız, əsir düşənlərimiz olmuşdu. Qoyun sürülərini də aparmışdılar.  O günlər Beyləqan rayonunun prokuroru işləyirdim. Məsləhət oldu ki, İmişli rayon icra başçısı ilə mən də hadisələrin araşdırılması üçün Murov yolu ilə Kəlbəcərə, oradan da Laçına yollandıq.  O zaman Beyləqan camaatı əsasən Kəlbəcərdə idi. Oradakıların təhlükəsizliyini təmin etməyə çalışdıq. Sonra Laçına yollanıb oradakı köçəri və yerli camaatla görüşüb onlara ürək-dirək verdik. Həmin vaxt hələ ordumuz yaranmadığından təcavüzkar Ermənistandan real müdafiə imkanlarımız yox idi. Yalnız  rəhmətlik Daxili İşlər naziri Məhəmməd Əsədovun  təşəbbüsü ilə Kəlbəcərdə Rusiyanın komandiri azərbaycanlı olan bir vzvodu yerləşdirilmişdi. Onlar  İstisu yaxınlığındakı Taxta düzü deyilən yaylaqda dayanır və qismən də olsa, oradakı camaatın təhlükəsizliyini təmin edirdilər... Bizim xahişimizlə onlar daha təhlükəli bir məkana – Ayıçınqılı dağındakı yaylaqlardan  birinə yollandı. Ermənistan istiqamətindən gələn, o cümlədən İstisuya tərəf gedən yollar da oradakı yüksəkliklərin altından keçirdi. Həmin hərbi birləşmənin təminatına da yardım göstərdik...

- Hazırda düyünlü nöqtələrdən biri olan Laçının Qaragöl yaylağında olmamısız ki?

- Xeyr. Oralar da çox hündür yer idi.  Qaragöl yaylağını gəzmək qismətimiz olmayıb.  Kəlbəcərin məşhur Alagöllərində olmuşam. Farel balıqlarının  oynaşdığı oylaqlarda...

- İşğaldan azad torpaqlarımızda Milli Ordu və polislə yanaşı, prokurorluq və məhkəmə orqanları da  tədricən fəaliyyətlərini bərpa edir. Şəhidlərimizin qanı ilə suvarılmış, onların və ulu babalarımızına ruhu dolaşan o torpaqlarda çalışacaq hüquqşünaslarımıza hansı tövsiyələri verərdiniz?

- Bəli. Bu da çox aktual məsələdir. Hesab edirəm ki, Azərbaycan polisi də, prokurorluq, məhkəmələri, digər orqanları da işğaldan azad torpaqlarda tamamilə başqa bir abı-havada çalışmalıdırlar. İnanıram ki, o cür də işləyəcəklər, inşAllah... Dövlətimiz də yəqin ki, həmin orqanların işinin ən yüksək səviyyədə olması üçün gərəkli hər şeyi təmin edəcək. Yəni söhbət öncə Qarabağda daimi məskunlaşacaq insanlarımızın təhlükəsizliyinin təminatı və haqqın-ədalətin qorunmasından gedir. Bunlar çox vacibdir. Bu gün Milli Ordumuzun sərhədlərimiz boyu və Yuxarı Qarabağda düşmənə bir qarış da torpaq qalmaması üçün əlindən gələni etməsi digərlərinə də nümunə olmalıdır...

- Yəqin ki, Qarabağda, işğaldan azad torpaqların idarəçiliyində iki əsas amili nəzərə almaq gərəkdir: şəhidlərimizin ruhu və bir də o yurdlarda Azərbaycan vətəndaşları kimi qalacaq ermənilərlə iş... Həmin ermənilərin də haqlarının və təhlükəsizliklərinin qorunmasıyla yanaşı, onlar tərəfindən mümkün təxribatların da qarşısını almalı olacağıq. Bu mənada rəhmətlik şəhid Baş prokurorumuz İsmət Qayıbovun da fəaliyyəti hamı üçün nümunə olmalıdır...

- Əlbəttə... Müstəqilliyimizin bərpasının o ilk və çətin, mürəkkəb illərində prokurorluq əməkdaşları da bir müddət ordunun vəzifələrini üzərinə götürmüş və bir çox şəhidlər vermiş polislərimizlə yanaşı, erməni ekstremizmi və terrorçuluğuna qarşı fədakarlıqla çalışırdı. Yeri gələndə əldə silah düşmənə qarşı döyüşən əməkdaşlarımız da olurdu. Mən Baş prokuror olanda Qarabağda böyük zəhmətlər çəkmiş neçə etibarlı əməkdaşı həvəsləndirmək üçün yuxarı vəzifələrə irəli çəkmişdim...

- Keçmiş Baş prokuror  və peşəkar hüquqşünas kimi,  30 ilə yaxın müstəqillik dövründə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlara, işlərə necə baxırsınız?

- Bilirsiniz, gündəlik, cari işlərin bilavasitə içərisində olmadığım üçün bu prosesə qiymət vermək səlahiyyətim və imkanım yoxdur. Təbii ki, müəyyən irəliləyişlər var. Əvvəlki dövrlərə nisbətən müəyyən fərqlər var.Bunları heç cür danmaq olmaz. Ancaq ciddi problemlər də qalmaqda davam edir...

- Prokurorluq və məhkəmələrin hazırkı iş şəraiti və prinsiplərini qaneedici hesab etmək olarmı?

- Dediyim kimi, gündəlik, cari işlərin bilavasitə içərisində olmadığım üçün həmin orqanların işinə də obyektiv qiymət verə bilmərəm. Ancaq əminəm ki, prokurorluğun, məhkəmələrin müstəqil işləməsi üçün çox ciddi islahatlar getməlidir. Bu, kifayət qədər ciddi və mürəkkəb məsələdir. İstər-istəməz hakimiyyətlərin biri-biri ilə müəyyən asılılıqları var və bunları qanuna və ədalətə uyğun tənzimləmək  çox çətindir. Demək olar ki, bu problem bütün dünyada mövcuddur. Bunun harada necə sonuclanması məsələsi var. Məsələn, Avropa Məhkəməsi Qərb ölkələri ilə bağlı məsələlərdə ədalətin təmin olunmasına yardım edir...

- Şərqə, xüsusən türk-müsəlman ölkələrinə münasibətdə əsasən ədalətsizlik nümayiş etdirirlər...

- Düzdür. Bizlərə münasibətdə Avropaya, Amerikaya heç cür güvənmək olmaz.  Onlar özləri üçün yaşayırlar, özləri üçün ədalətlidirlər. Özlərini bizim üçün ədalətli olmağa borclu saymırlar. Odur ki, ilk növbədə biz də özümüz üçün, özümüzə, öz xalqımıza, insanımıza qarşı ədalətli olmalıyıq...

Ən əsası, onu deyim ki, hüquq-mühafizə orqanlarının, prokurorluq və məhkəmələrin işlərinə siyasətin nəfəsinin, yüngül də olsa, dəyməsi də dövlət və cəmiyyətdəki  müvazinəti pozur. Yəni Azərbaycanda da bu sahədə problemlər var. Heç kəs deyə bilməz ki, belə problemlər yoxdur. Həmin problemləri həll etmək də mümkündür. Həlli mümkün olmayan heç bir məsələ yoxdur. Sadəcə, hər şeyin qanun, hüquq və ədalət çərçivəsində olmasına çalışmaq lazımdır. Mənim özüm də 30 ilə yaxındır,  bu günədək şəxsi və ictimai həyatımda belə problemlərin əziyyətini çəkmişəm və çəkirəm...

- Prokurorluqda çalışdığınız müddətdə Qarabağda cinayət və təxribatlar törətmiş ermənilərin işləri arasında daha çox hansısa konkret bir terrorçunun və yaxud belə qrupun işi yadınızda qalmayıb ki?

- Ermənilərlə bağlı çox cinayət işləri aparmışıq. Xocalı soyqırımı, Şuşa və Laçının işğalı və s. Təəssüf ki, konkret adlarla bağlı işlər yadımda qalmayıb...

Onu deyim ki,  o zaman biz yalnız sırf vəzifə və səlahiyyətlərimiz çərçivəsində deyil, ictimai nüfuzumuzun imkan verdiyi miqyasda erməni terrorizimi və işğalçılığına qarşı mübarizə aparırdıq. Məsələn, Kəlbəcərin işğalından dərhal sonra- aprelin 3-də rəhmətlik Prezident Əbülfəz Elçibəylə məsləhətləşəndən sonra Türkiyəyə yollandım və dərhal o vaxt Baş nazir olan Süleyman Dəmirəllə görüşdüm, Azərbaycanın düşdüyü çətin durum haqqında ona məlumat verdim. Nəticədə Azırbaycan hökuməti ilə təcili olaraq müxtəlif müqavilələr bağlandı  və Türkiyə hökuməti və ordusu bizə xeyli dəstək verdi. Öncə Milli Ordumuza təlim keçib yetişdirmək üçün 173 türk zabiti Azərbaycana göndərildi. Türkiyənin təşəbbüsü ilə BMT TŞ-da Kəlbəcərin işğalıyla bağlı məsələ qaldırıldı və  822 saylı qətnamə qəbul olundu. Həmin qətnaməyə əsasən Ermənistan qoşunları Kəlbəcəri və digər əraziləri 1993-cü ilin iyulunadək azad etməli idi. Türkiyə ordusu Ermənistan sərhədinə yeridildi və işğalçı ölkəyə ultimatum verildi. Təəssüf ki, Rusiya və ABŞ-ın Ermənistana təzyiqləri və xüsusən Rusiya əlaltılarının törətdiyi 4 iyun qiyamı nəticəsində torpaqlarımızın azad olunma prosesinin qarşısı alındı ki, bu da daha 6 rayonumuzun asanlıqla işğalına səbəb oldu... 

- Bildiyimizə görə, son vaxtlar bilavasitə hər hansı siyasi fəaliyyətlə məşğul olmursunuz?

-  Doğrusu, hazırda səhhətimdə ciddi problemlər olduğundan müalicəmlə məşğulam. Ona görə də heç vaxtım da yoxdur. Və həkimlər də məsləhət görmür ki,  enerjimi müalicədən başqa digər işlərə sərf edim. Amma bununla belə mən də hər bir Azərbaycan vətəndaşı kimi dünyada və ölkəmizdə gedən prosesləri izləyir, qələbə və uğurlarımıza sevinir, problemlərimizin həlli üçün dualar edirəm...