Azərbaycan zərgərlik sənəti qədim tarixə və zəngin bədii-texniki ənənələrə malikdir. Elə bu səbəbdən, Azərbaycan zərgərlərinin yaratdıqları sənət nümunələri haqlı olaraq geniş şöhrət qazanıb. Onların yüksək bədii məziyyətlərinə görə dünyanın müxtəlif ölkələrinə yayılması, məşhur muzeyləri və şəxsi kolleksiyaları bəzəməsi də elə bunun təsdiqidir.
Parisin Luvr, Sankt-Peterburqun Dövlət Ermitajı muzeylərində və Moskvanın Silah Palatasında, Türkiyənin Topqapı saray-muzeyində, Bakıdakı Azərbaycan tarixi, Azərbaycan Dövlət İncəsənət muzeylərində, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycan zərgərlərinin nadir bəzək örnəkləri saxlanılır.
Bu gün isə Azəraycanın zərgərlik sənətinin çox da uzaq olmayan keçmişinə, Sovet İttifaqı illərinə nəzər salacağıq.
İllik 4 ton həcmində qızıl məmulatlar
Bakıda ilk zərgərlik zavodu 1936-cı ildə inşa edilib. Həmin dövrdə zavod İçərişəhərdə yerləşirdi. Həmin dövrdə burada cəmi 15-16 nəfər işəlyirdi. Keçən əsrin 50-ci illərindən sonra isə Azərbaycanda, xüsusilə də Bakıda zərgərlik məmulatlarının hazırlanmasına diqqət xeyli artdı.
Qeyd edək ki, SSRİ dövründə Azərbaycan zərgərlik və zinət əşyalarının hazırlanmasına görə keçmiş ittifaq daxilində əsas mərkəzlərdən biri idi. Həmin dövrdə qiymətli daşlar və metallardan məhsullar əsasən iki mərkəzdə Bakı Zərgərlik Zavodu və İstehlak Xidmətləri Nazirliyinin tabeliyindəki müəssisədə istehsal olunurdu.

Bakı Zərgərlik Zavodu, demək olar, istehsal edilən məhsulların 90 faizini hazırlayırdı. Bu müəssisə 1973-cü ildə inşa edilib. İttifaq əhəmiyyətli istehsalat sahəsi sayıldığı üçün birbaşa olaraq SSRİ-nin müvafiq nazirliyinə tabe idi. Çox qısa zamanda 2 000 işçi qüvvəsinə malik zavoda həmin dövrün bütün tanınmış zərgərləri cəlb edilmişdi. Beş il ərzində isə Bakı Zərgərlik Zavodu SSRİ-də bu sahə üzrə üç əsas müəssisədən birinə çevrildi. Ümumi təsəvvür yaratmaq üçün qeyd edək ki, həmin dövrdə SSRİ-də ümumilikdə 30 zərgərlik zavodu fəaliyyət göstərirdi. İl ərzində zavod 4 ton qızıl 30 min karat həcmində xammalla təmin edilirdi. Bakı Zərgərlik Zavodunun məhsulları SSRİ-də özünün keyfiyyət və gözəlliyinə görə ikinci yerdə dayanırdı.
Məşhur simalara hədiyyələr
Məhz bu amillər SSRİ-nin dövlət xadimlərinə, həmçinin tanınmış mədəniyyət və incəsənət adamlarına bağışlanan qiymətli qızıl zinət əşyalarının Bakı Zərgərlik Zavodundan siariş edilməsini şərtləndirirdi.

Məsələn, 1970-ci illərdə tanınmış sovet müğənnisi Lyudmila Zıkinaya ən bahalı hədiyyəni o zaman Mərkəzi Komitənin birinci katibi olan ümummilli lider Heydər Əliyev bağışlayıb. Bu, ağ və sarı qızıl ilə işlənmiş 127 ədəd brilyantdan ibarət boyunbağı olub. Qiyməti 400 min dollar dəyərində idi. Bu barədə “Komsomolskaya pravda” qəzeti müğənninin zinət əşyaları kolleksiyasının siyahısını dərc edərkən bildirib.
1966-cı ildən 1982-ci ilədək SSRİ-nin Baş Katibi Leonid Brejnevə də Azərbaycanda qızıl və brilyantlarla bəzədilmiş xəncər hədiyyə edilib.

Bu istiqamətdə araşdırmalarımıza həmin dövrdə Bakı Zərgərlik Zavodunda zərgər işləyən Yaşar usta yardımçı olur: "Zavodumuzda İqor adında usta var idi. Onun işi daha çox zərgərlik məmulatlarına gözəllik vermək idi. Brejnevə hədiyyə xəncərini o düzəltmişdi. Almazla bəzədilmişdi. Həmin dövrdə hazırlanan hədiyyələrin əksər hissəsi məhz bizim zavodda hazırlanırdı".
Köhnə yeni nəsil zərgərlər
Yaşar usta ilə söhbətimizə davam edirik. Onun sözlərinə görə, sovet dövrünün zərgərləri ilə indiki ustalar arasında böyük fərq var: "Əvvəl biz hamımız zavodda işləyirdik. Hazırladığımız məhsullar "OTK"da (qızıl-zinət əşyalarının yoxlanılması mərkəzi) yoxlanılırdı. Təsəvvür edin, 200 iş işləyirdik. Onların hamısı bir-bir yoxlanılırdı. Məhsul standartlara cavab vermədikdə geri qaytarılırdı. Onun üzərində yenidən işləyirdik. Standartlara cavab verən məhsullar isə Əyar Palatasına göndərilirdi".

Usta təəssüf hissi ilə bildirir ki, indi bu proseslərin heç biri həyata keçirilmir. Bir müddət əvvəl Əyar Palatası da fəaliyyətni dayandırıb. İndi ölkəmizə hazır məhsul gəlir. Gələn məhsulun əyarını da gətirilən ölkədə vururlar: "Univermaqlarda satılan məhsulların 90 faizi xaricdən gətirilən hazır məhsullardır. Azərbaycana qızıl məhsulları daha çox Dubay, İtaliya, Honkonq, Türkiyə və Rusiyadan gəlir".
Yeri gəlmişkən, Bakıda Əyar Palatası hələ Çar Rusiyası zamanında XIX əsrin 80-90-cı illərindən fəaliyyət göstərməyə başlayıb. Azərbaycan zərgərlərinin məhsullarının 1900-cü ildə Paris sərgisində iştirakı üçün mütləq şəkildə Bakıda fəaliyyət göstərən Əyar Palatasından rəy almasının mütləq olduğuna dair faktlar da var. Sovetlər dönəmində fəaliyyət göstərən Əyar Palatası isə köhnə çay fabriki və aviakassa olan ərazidə yerləşirdi.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Bakı Zərgərlik Zavodunun fəaliyyətinin dayandırılması ölkəmizdə bu sahənin inkişafına ciddi zərbə vurdu. Yaşar ustanın sözlərinə görə, 1985-ci ilə qədər işlər qaydasında idi:
"Sonradan Mixail Qorbaçov SSRİ-nin birinci katibi seçildi. 1990-cı illərdə isə çevrilişlər oldu ölkəmizdə. Bütün bu proseslərin fonunda zavodumuz da yavaş-yavaş dağıldı. Ustalarımız da ora-bura çıxıb getdilər".
Hər ölkə üçün xüsusi kataloq
Qeyd edək ki, SSRİ məkanında zərgərlik məhsullarının hansı ölkədə istehsal olunduğuna dair xüsusi kataloqlar hazırlanmışdı. Həmin kataloqlarda o ölkədə fəaliyyət göstərən zərgərlik zavodlarının hazırladıqları bütün məhsullar öz əksini tapırdı. Azərbaycan üçün də bu qayda keçərli idi.
Yaşar ustanın dediklərindən: "Zavodumuzda kataloqumuza uyğun hazırlanan məhsullar 16 sovet respublikasına satış üçün göndərilirdi. Daha çox, buta, gül formasında üzüklər, dəstlər hazırlayırdıq. Kulonlar düzəldirdik".
Usta bildirir ki, bu gün də sovet qızıllarına çox böyük tələbat var. İndi çox az tapılır həmin dövrün məhsulları. Sovet qızıllarının əyarları 585,750, 950 olurdu. Bu əyarlar tam dəqiq idi, çünki qatı yoxlamadan keçirdi. Bu səbəbdən təmiz məhsullar sayılır: "Ölkəmizə gətirilən qızılların əyarları da hazırda daha çox 585 və 750-dir. Birincilər Türkiyə, ikincilər isə Dubay məhsulları olur".
Köhnə zərgərlər çox az qalıb
Azərbaycanda hazırda özəl kolleksiyalara tələbata gəldikdə isə Yaşar usta bildirir ki, indi həmin məhsulları yalnız onların dəyərlərini anlayan köhnə insanlar alır: "İndi daha çox müasir dizaynda olan məhsullar alınır. Gəlinlərimiz, qızlarımız köhnə stildə olan məhsulları taxmaq istəmirlər".
Onun sözlərinə görə, Azərbaycan zərgərliyinin ənənələrini yaşada biləcək sovet dövrünün məşhur zərgərlərinin çoxu artıq qalmayıb. Yaşayanlar da qocaldıqları üçün bu işi buraxıblar.
Zərgərlik həm də bir sənətdir. Sənət dedikdə ağla ilk gələn usta və şagirdləridir. Gənclərimizin zərgərlik sənətinə marağı, ustaların öyrətmək üçün şagirdgötürmə ənənələri barədə də Yaşar usta ilə danışdıq. Onun sözlərinə görə, indi gənclərin bir çoxu sexlərdə bu sənətin sirlərini öyrənir. İstəyən adam gəlib ustanın haqqını verməklə işi öyrənə bilir. Bəziləri üç-dörd aya öyrənir: "Götürüm qabiliyyətindən çox şey asılıdır. Əvvəllər işlərin çoxu əl işləri idi. İndi əl işi hazırlayanlar demək olar yoxdur. Kompüterdə müştərinin istəyinə uyğun dizayn verilir və məhsul hazırlanır. Məsələn, müştəri gəlib at formasında kulon istəyir. Şəkli kompüterdə tapılıb düyməni basandan sonra o forma alınır. Usta sadəcə hazır məhsulun müəyyən yerlərini təmizləyir".
Sovet dövründə zərgərlərə etimad niyə yüksək idi...
İnsanların zərgərlərə etimad məsələsinə gəldikdə isə Yaşar usta vurğulayır ki, bu amil daha çox bazarlarda olan məhsullarla bağlıdır. Belə ki, ölkəmizə daxil olan məhsulların brilyantları Hindistandan və başqa yerlərdən gətirilsə də, onlar haqqında doğru-düzgün təsəvvür yoxdur. Sovet dövründə isə zümrüdlər Uraldan, Yakutiyadan isə brilyantlar gətirilirdi. Ustalar da işlədikləri məhsul haqqında tam dolğun təsəvvürə malik idilər. İndi isə bu şeylər yoxdur.
İnsanlar arasında zərgərlərin bir-birlərinə dəstək durması, çatışmazlıqlarını ört-basdır etməyə çalışması ilə bağlı iddialara gəldikdə isə Yaşar usta yenə də bu məsələnin ölkəmizə gətirilən hazır məhsullara bağlı olduğunu deyir. Onun sözlərinə görə, Dubaydan Azərbaycana satmaq üçün qızıl gətirən tacir orada məhsulu yoxlamır. Dubayda da bu qızılları sexlər hazırlayır. Alıb gətirəndə isə onun defektləri üzə çıxır. Yoxlayanda əyar 750 yox, 700, 650 olur.
Sovetdən qalma "beşlik", "onluq" ənənəsi...
Keçmiş dövrün ənənələri arasında insanların daha çox "beşlik", "onluq" kimi tanınan qızıl məmulatlarına üstünlük verdiklərini də söyləyə bilərik. Yaşar usta deyir ki, satışda indi də bu məhsullar var: "Onların əyarları 900-dür. Qiymətləri isə "beşlik" 500, "onluq" 1000 manatdır. Dəyəri də getdikcə artır. Bəzən saxtalarını hazırlayıb satışa çıxarmaq istəyənlər olsa da, zərgərlər baxan kimi saxta olanları tanıyırlar".

Bu gün Azərbaycanın milli zərgərlik ənənələrini yaşatmağa, tanıtmağa çox böyük ehtiyac var. Onları yaşadaraq gələcək nəsillərə miras qoya bilən ustaların sayı isə zaman keçdikcə azalır. Fikrimizcə, düşünməyə dəyər, çünki zər qədrini zərgər bilər.