Zibil poliqonuna çevrilən “mazutlu göl” - Reportaj

13:27 15.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Sakinlər ərazinin təmizlənməməsindən şikayətçidir

Bir neçə dəfə saytımıza Sabunçu rayonu ərazisində yerləşən “Mazutlu göl”ün antisanitar vəziyyəti ilə bağlı şikayətlər daxil olub. Hafta.az-ın əməkdaşı yaranmış vəziyyəti yerində araşdırmaq və tanış olmaq üçün sözügedən əraziyə üz tutdu.

Burada həqiqətən də vəziyyət acınacaqlıdır. Söhbət bir zamanlar neft çıxarılan ərazidən gedir. İndi isə neft tullantılarından yaranmış göl, yerli sakinlərin zibil atdıqları əraziyə çevrilib. Üstəlik, kanalizasiya suları da buraya axıdılır. Daha dəhşətlisi isə budur ki, gölün yaxınlığında yaşayış evləri var. Kiminin pəncərəsi hər səhər elə bu xarabalığa açılır. Qarşıdan bizləri qızmar yay günlərinin gözlədiyini də nəzərə alsaq, deyə bilərik ki, həmin ərəfələrdə burada pis qoxudan sözün əsl mənasında dayanmaq olmaz.

Yerli sakinləri dindirdikdə isə uşaqdan-böyüyə hər kəs bu gölün adsız olduğunu, bir zamanlar ərazidən neft çıxarıldığını, indi isə zibillik kimi istifadə olunduğunu söyləyir.

Ərazinin zibillənməsi məsələsinə münasibət bildirən qəsəbə sakini bildirdi ki, guya biz bu çirkabın yerində təmiz, səliqəli mənzərə görmək istəmirik?

“Mən artıq uzun müddətdir ki, burada yaşayıram. Həmişə zibillərin bura atıldığını görmüşük. Onsuz da zibil atmağa başqa yerimiz də yoxdur. Ən yaxın zibilqabılar bizdən xeyli uzaqdır. Üstəlik, ora da bu boyda qəsəbənin zibillərini atması üçün kifayət etmir, tez dolur. Gərək ki, küçələrə zibilqabıları qoyulsun”.

Digər bir sakin isə yaranan antisanitar vəziyyət səbəbindən uşaqlarının səhhətindən narahatlığını dilə gətirdi:

“Evimiz gölün – məişət tullantıları olan ərazinin 5 addımlığındadır. Məktəbə, işə gedənimiz hər səhər bu ərazidən keçib-getməlidir. Virusların baş alıb-getdiyi zəmanədə bu da başqa bir təhlükə mənbəyidir”.

Bəs görəsən, ərazidəki ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün nə kimi addımlar atıla bilər? Ümumiyyətlə, belə göllərin ekologiyamıza vurduğu zərərlər nələrdir?

Məsələnin ekoloji tərəfinə isə ekoloq İslam Mustafayev münasibət bildirdi. Onun sözlərinə görə, əsasən Bülbülə və Əmircan qəsəbələri yaxınlıqlarında belə göllər acınacaqlı olsa da var. Ümumilikdə, Abşeronda 250-dən çox göl mövcuddur. Bu göllərin isə böyük əksəriyyəti sanitar-ekoloji tələblərə cavab vermir:

Bir çox hallarda bura, yaxınlıqda yaşayan əhali kanalizasiya sularını axıdır, zibillərini atır. Problemi yaradan ilkin səbəblərdən biri isə Bakının ətarf ərazilərində kanalizasiya xətlərinin olmamasıdır. Həmçinin istənilən növ sənaye tullantıları da gölə buraxılır. Kanalizasiya sistemi qurulmadığı müddətdə vətəndaşların bundan başqa çarəsi də yoxdur.

Ekspert problemin həllini birinci növcbədə göllərin sağlamlaşdırılmasında görür. O bildirir ki, bu gün dünyanın bir çox ölkələrində süni göllər yaradıb, ətrafında istirahət mərkəzi salırlar. Bizdə isə hazır göllər var, istirahət yerləri niyə də olmasın?

“İlk olaraq gölə axıdılan bütün mənbələrdən gələn çirkablar inventarlaşdırılmalıdır. Daha sonra bunun qarşısı alınmalı – neft sənayesi, kanalizasiya suları idarə olunmalıdır. Ardınca həmin göllərə vaxtilə atılmış böyük tullantılar çıxarılmalı, ərazi zibillikdən təmizlənməlidir. Orada evlər elə yerdə tikilib ki, vətəndaşlar məişət tullantılarını 1 kilometr uzağa aparıb atmaq isdəmir. Ya da bu işi görənlərlə müqavilə bağlamırlar. Gəliri aşağı olan insanları başa düşmək olur. Ona görə də işə məsul olan şəxslər zibillərin daşınmasına yönəlik addımlar atmalıdır. Sonra isə, əraziyə zibil qabılar qoyulmalı, ətrafa tullanan zibilə görə cərimələr tətbiq olunmalıdır ”.

Vətəndaşların haqlı narazılığını və ekspertn rəyini dinlədikdən sonra, Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Buradan isə bizə bildirildi ki, bu günə qədər ərazidəki anti-sanitar vəziyyətlə bağlı ora heç bir şikayət daxil olmayıb. Belə ki, yaranmış vəziyyəti ilk işıqlandıran da elə bizim saytımızdır. Ünvanı öyrənən qurum rəsmisi onu da əlavə etdi ki, tezliklə əraziyə baxış keçiriləcək.

Ümid edirik qısa zamanda yaranmış problem öz həllini tapar. Hərçənd indiki vəziyyətdə bu o qədər də real görünmür. Görünən isə odur ki, çirkab gölün əhatəsində yeni evlər də tikilməyə davam edir.