Zibil qutusuna atılan körpə xəstəxanadan buraxılıb

15:47 17.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ay məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan buraxılıb.

Hafta.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.

Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub.

Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.

Qeyd edək ki, körpə ötən ayın 17-də anası tərəfindən zibil qutusuna atılmışdı. Körpə Bakı Şəhər Sabunçu rayonu 12-ci Polis Bölməsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası vasitəsi ilə Səhiyyə Nazirliyinin 1 nömrəli körpələr evinə qəbul edilmişdi. Körpə qəbuldan sonra tibbi müayinədən keçirilməsi üçün 2 saylı Ə.Qarayev adına Uşaq Kliniki Xəstəxanasına göndərilmişdi.