İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı həmrəyliyimizin gücləndirilməsi üçün mühüm və effektiv platformaya çevrilib və əməkdaşlığımızın, birgə fəaliyyətimizin, ümumi məsələlərdə qətiyyətli mövqeyimizin inkişafı üçün mühüm bir şəbəkədir. Parlament diplomatiyası, dialoq və təcrübə mübadiləsi vasitəsilə biz cəmiyyətlərimizin üzləşdiyi çağırışların həllinə və xalqlarımızın rifahının yüksəldilməsinə töhfə verə bilərik.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində deyib.
O bildirib ki, İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir. Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm davamlı inkişaf naminə göstərilən səylərə ciddi şəkildə mənfi təsir göstərir və onları məhdudlaşdırır. Bu çağırışların öhdəsindən gəlmək və özünün tam potensialını reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslami dəyərlərə uyğun olaraq birliyə və həmrəyliyə ehtiyacı var.