Ermənistanın regionun ekologiyası üçün təhdidləri davam edir. Bu dəfə növbəti təhdid Naxçıvan sərhəddi istiqamətindən gəlir. Belə ki, Ermənistan Naxçıvanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhəddə çox yaxın ərazidə – Arazdəyən kəndində ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.
Ermənilərin sərhəddə zavod tikmək layihəsi hansı növbəti təxribatı körükəyir və əslində hansı məqsədi güdür?
Bu istiqamətdə hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Ermənistanın Naxçıvanla sərhədyanı ərazidə metallurgiya zavodunu tikməsi Naxçıvan üçün müəyyən ekoloji fəlakətlər törədə bilər. Onun sözlərinə görə, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxara bilər. Əgər Ermənistan bizimlə sərhəddə zavod tikmək istəyirsə bunu Azərbaycanla razılaşdırmalıdır.
Deputat qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.
“Ermənistan bu tikintini Azərbaycanla razılaşdırmayıb.
Üstəlik, ötən 30 il ərzində, bu günə qədər Ermənistan hər vasitə ilə Azərbaycana qarşı ekoloji terror həyata keçirdib, torpaqlarımızı, suyumuzu zəhərləyib”.
Azərbaycan ekoaktivistlərinin, vətəndaş cəmiyyəti üzvlərinin 3 aydan çox Laçın -Xankəndi yolunda etiraz aksiyası keçirdərək, ermənilərin yeraltı və yerüstü sərvətlərimizi dağıtmasına, talamasına qarşı etdiyi çıxışları, bu barədə bütün dünyaya səsləndiyini xatırladan R.Nurullayev, ermənilərin sərhəddə yenidən ekoaksiyanı başlatması üçün zəmin yaratdığını önə çəkib.
“Azərbaycanın Ermənistandan bu layihəni dayandırmağı tələb etməyə haqqı var. Ümid edirəm ki, həm BMT, həm də digər beynəlxalq platformalarda Azərbaycan Ermənistanı bu layihəsini dayandırmaq, ya da ekoloji tərsirləri, texniki təhlükəsizliklə bağlı hesabat təqdim etməyə vadar edəcək.
Əgər bu metallurgiya zavodunun tikintisi ilə bağlı yaranan fəaliyyət Naxçıvanın ekologiyasına, insanların sağlamlığına zərbə vuracaqsa, o zaman təzədən etiraz aksiyalarının keçirlməsi bərpa edilə bilər və edilməlidir”.
Deputat hesab edir ki, beynəlxaql təşkilatlar da bu məsələyə biganə qalmamalıdır. Çünki bu, tək Azərbaycan vətəndaşlarının narazı olduğu məsələ deyil və bütün region və dünya üçün təhlükədir.