"Aİ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gün uzaqda deyil" - Millət vəkili

18:43 18.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu gün Bakıda imzalayıblar.
 
Hafta.az-ın yazdığına görə, sənəd tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək.
 
İqtisadçı millət vəkili Vüqar Bayramov bildirir ki, Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir.
 
"Rusiya-Ukraya müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənməkdədir. Azərbaycan "Şahdəniz”lə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da genişləndirəcək. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühim alternativ enerji mənbəyin çevrilməkdədir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da bütövlükdə İttifaqla Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək", - deyib V.Bayramov.
 
Millət vəkili qeyd edib ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68,7 faiz artıraraq 3,2 milyard kubmetrdən 5,4 milyard kubmetrə yüksəldib.
 
"Aİ də Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36,7, Gürcüstanda 23,9, Ermənistanda 18 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2,6, Gürcüstanda 1,2, Ermənistanda isə 1 milyard avro sərmayə qoyluşu həyata keçirib.
Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəkilib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır", - iqtisadçı millət vəkili bildirib.
 
V.Bayramovun sözlərinə görə, sabah Brüsseldə Azərbaycan - Avropa İttifaqı Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək. Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gün də uzaqda deyil.
Siyasət rubrikasından digər xəbərlər