Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı davam edir. Proqram çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri iyunun 24-də Şəki şəhərində konsert proqramı ilə çıxış edib. Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan konsertdə şəhər rəhbərliyi, musiqisevərlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən bildirilib ki, bu layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi xüsusi əhəmiyyət daşıyır. Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, Azərbaycan mədəniyyətinin zəngin irsinin bölgələrdə təbliği, klassik və müasir musiqimizin daha geniş auditoriyaya çatdırılmasıdır.
Əməkdar artist İlahə Hüseynovanın dirijorluğu ilə keçən konsertin əvvəlində orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” əsəri səsləndirilib. Solist Orxan Soltanov olub. Konsert zamanı izləyicilər, həmçinin Fikrət Əmirov, Vasif Adıgözəlov, Şəfiqə Axundova, Polad Bülbüloğlu, Bəhram Nəsibov, Süleyman Ələsgərov, Arif Məlikov, Emin Sabitoğlu və digər tanınmış bəstəkarların əsərlərini, eləcə də Əməkdar artistlər Almaz Orucova, Xəyyam Məmmədov (kamança) və digər solistlərin ifasında xalq mahnılarını dinləyiblər
Qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir. Layihə, eyni zamanda, paytaxtla bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətimizin regionlarda daha geniş təqdim olunmasına xidmət edir.