"ASAN Xidmət" bu gündən öz fəaliyyətini bərpa edir- REPORTAJ

13:25 27.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə karantin rejimi may ayının 4-nə qədər davam etsə də, “ASAN Xidmət” bu gündən – aprelinin 27-dən işə başladı.

Xatırladaq ki, "ASAN Xidmət" mərkəzlərinin fəaliyyət qaydaları ilə bağlı şənbə günü baş tutan mətbuat konfransıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirdi ki, "Aprelin 27-dən "ASAN Xidmət" mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək:

“Sadəcə olaraq vətəndaşlar kütləvi toplaşmanın qarşısını almaq üçün əvvəlcədən növbə almalıdırlar: "Bunun üçün 3 imkan yaradılıb. Hər kəs ağıllı telefonlarda  "Asan xidmət" mobil tətbiqindən isitifadə edə bilər.  Vətəndaşlar seçdiyi mərkəz üzrə növbə götürə bilərlər. Onlar mərkəzə gəlib gözləmədən xidməti alacaqlar. Həmçinin asan.gov.az saytı vasitəsilə onlayn növbə götürə bilərlər. Vətəndaş sabahkı gün üçün özü vaxtı müəyyənləşdirə bilər. Cari gün üçün isə sistem avtomatik vaxtı təyin edir”.

Hafta.az  olaraq bu gün “ASAN Xidmət ”də olduq. Suallarımızı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev cavablandırdı.

- Bu gündən karantin qaydaları yumşaldılır. İşlər necə başlandı, çətinlik yaranırmı?

- "ASAN Xidmət" mərkəzlərində vətəndaş qəbulu yalnız öncədən növbə götürülməklə təmin ediləcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin  məhdudiyyətlərinin bir qisminin 27 aprel 2020-ci il tarixindən yumşaldılması nəzərdə tutulur. Qərara əsasən “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində müvafiq tarixdən etibarən vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

- Vətəndaşlar üçün növbəlilik prinsipi necə həyata keçirləcək?

-  Növbə tutmaq üçün "ASAN Xidmət" mobil təbiqi "IOS" və "Android" əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda www.asan.gov.az saytındakı "Onlayn növbə" funksional bölməsi vasitəsi ilə və Əvvəlcədən növbə əldə etməmiş vətəndaşların mərkəzlərdə qəbulu həyata keçirilməyəcək.  

- “ASAN Kommunal” da fəaliyyət göstərəcəkmi?

- “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri  karantin rejimindən öncəki qaydada fəaliyyət göstərəcək. Vətəndaşları qəbul edəcək mərkəzlər insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib. Eyni zamanda hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Vaxtın düzgün idarə olunması üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən yararlanmaq istəyən vətəndaşlar yaşayış yerini tərk etmək istədikdə öncə onlayn növbə götürsünlər və sonra SMS müraciət sistemindən yararlansınlar.

Artıq “ASAN xidmət”də vətəndaşlar gəlib öz işlərini rahatlıqla görə bilirlər. Onlar üçün gigiyenik qaydalar da, sosial məsafə prinsipi gözlənilməklə vətəndaşların qəbulu prosesi həyata keçirilir. 

Mərkəzə üz tutan vətəndaşlara da yaxınlaşırıq.

İradə xanım deyir ki, gəlməmişdən əvvəl onlayn növbə götürüb:

"Əvvəlcədən götürdüyüm növbə üzrə qeyd olunan vaxtda ASAN Xidmət mərkəzinə gəldim. Çox tez bir zamanda işlərimi yekunlaşdırdım. Burada insanların sağlamlığının qorunması üçün tələb olunan bütün normalara riayət edilir. Sosial məsafə prinsipinin qorunmasına isə xüsusilə diqqət yetirilir". İradə xanım bildirdi ki, bu cür qaydalara tək ASAN Xidmət işçiləri yox, vətəndaşlar da riayət etməlidir. Hər kəs tələb olunan qaydalara riayət etsə, karantin rejiminin bir daha sərtləşdirilməsinə ehtiyac qalmayacaq.

Beləliklə, artıq həftələrdir bağlı qalan xidmət mərkəzləri öz qapılarını vətəndaşların üzünə açır. Öncədən görülmüş preventiv tədbirlər nəticəsində ölkəmizdə koronavirusun yayılması miqyası tam nəzarət altına alındı. Əldə olunmuş nəticələri qorumaq və bu vəziyyətdən tez bir zamanda çıxmaq isə tək dövlətdən yox, biz sadə vətəndaşlardan da asılıdır. Gəlin özümüzü, yaxınlarımızı koronavirusdan qorumaq üçün tələb olunan qaydalara tam riayət edək. "ASAN Xidmət" mərkəzinin adında qeyd olunduğu kimi, məsuliyyətli olsaq bu çox ASANDIR....