"ASEAN 55 il ərzində güclü və çiçəklənən Cənub-Şərqi Asiya regionu qurub" - Səfir Hildi Hamid

11:25 08.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın ölkəmizdəki Səfirliyində, İndoneziya və Malayziya səfirlikləri birgə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) yaradılmasının 55-ci ildönümü münasibətilə anma mərasimi təşkil edib.

Hafta.az-ın yazdığına görə, Azərbaycanda ikinci tarixi ASEAN Gününün qeyd olunması ASEAN dövlətlərinin Cənub-Şərqi Asiya regionunda sülh və firavanlığı həyata keçirmək vizyonunu əks etdirən “The ASEAN Way” (ASEAN Yolu) adlı ASEAN himninin səslənməsi ilə yanaşı, ASEAN bayrağının qaldırılması mərasimi ilə başlayıb.

Ev sahibi kimi İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamid çıxış edərək bildirib ki, ASEAN son 55 il ərzində güclü və çiçəklənən Cənub-Şərqi Asiya regionu qurmağa nail olub. "ASEAN digər inkişaf etmiş ölkələrlə əlaqələr yarada və müxtəlif yollarla beynəlxalq aləmdə hesablaşmalı cəmiyyətlərdən birinə çevrilə bilər”, - diplomat qeyd edib.

İndoneziya səfiri öz çıxışında ASEAN-ın sosial, iqtisadi, siyasi və mədəni aspektlər baxımından əhəmiyyətli irəliləyişlər göstərdiyini vurğulayıb. Həmçinin 10 üzv dövlətdən - Bruney, Kamboca, İndoneziya, Laos PDR, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand və Vyetnamdan ibarət olan ASEAN-nın Asiyada 3-cü, dünyada isə 5-ci ən böyük bazara çevrildiyini və ən inkişaf etmiş inteqrasiya olunmuş bazarlardan biri olduğunu bildiri. Onun sözlərinə görə, 667 milyon əhalisi olan ASEAN-ın geniş istehlak bazası var və bu, Çin və Hindistandan sonra qlobal miqyasda 3-cü yerdədir.

Daha sonra Malayziyanın ölkəmizdəki səfiri Dato Yubazlan Yusof da ASEAN-ı 55 illik yubileyi münasibətilə təbrik edib, təşkilatın qazandığı uğurlardan söz açıb. Bildirib ki, dostluq ruhuna əsaslanan və üzv dövlətlərin siyasi, iqtisadi və sosial müxtəlifliyini nəzərə alan “ASEAN Yolu” kimi tanınan proqramla birləşən ASEAN, qlobal dünyada növbəti iqtisadi supergüc kimi tanınır. O, həmçinin ümid etdiyini bildirib ki, ASEAN ölkələri hər zaman bir-birini dəstəkləyəcək, iqtisadiyyatı daha da gücləndirmək, regional sülh və sabitliyi qorumaq məqsədilə birgə işləməklə təcrübə mübadiləsi aparacaqlar.

Çıxışlardan sonra tədbir İndoneziya səfiri Hildi Hamid və Malayziya səfiri Dato Yubazlan Yusof tərəfindən ASEAN tortunun kəsilməsi mərasimi ilə davam edib.

İndoneziya və Malayziya, Bakıda Səfirlikləri olan yeganə ASEAN ölkələridir. Bu iki səfirlik ASEAN icmasının Azərbaycanda təşviqini, Azərbaycanla ASEAN, eləcə də üzv ölkələrlə əməkdaşlığını gücləndirməyə çalışır.

Siyasət rubrikasından digər xəbərlər