“Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Çində baş tutan görüşündə hər hansı ciddi bir məsələ olmadan paraflanmış sülh mətnindən irəli gələn məsələlərin həlli üçün yaradılacaq birgə komissiyanın işinin təşkili və anklavlarla bağlı məsələlər müzakirə edilib. Anklavlarla bağlı prinsipial razılıq əldə edilib”.
Bunu hafta.az-a siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

Ekspert qeyd edib ki, müəyyən anklavlarla bağlı mübadilə mümkün ola bilər. Onun sözlərinə görə, Ermənistan Baş naziri Gədəbəydə Başkəndin ona aid anklav olduğunu qeyd edir, Azərbaycan isə Başkəndi Ermənistana verə bilməz.
M.Əsədullazadə vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT Minsk Qrupu rəsmən buraxıldı. Amma Ermənistanla Azərbaycan arasında iki məsələ həll edilməlidir. Bunlar anklav kəndlərin qaytarılması və Ermənistan Konustitusiyada ərazi iddiaları bəndlərinin referendumla çıxarılmasıdır:
“Ermənistan Azərbaycanın bütün şərtlərini yerinə yetirir. Hazırda Ermənistanda Avropa İttifaqının yarım hərbi mülki missiyası fəaliyyətini davam etdirir. Bu missiya Azərbaycanla sərhəddə monitorinq aparırdı. Artıq de-fakto sülh əldə edilib. Avropa ittifaqının Mülki Missiyasının Azərbaycanla sərhəddə hər hansı bir monitorinqinə ehtiyac qalmayıb. Avropa İttifaqı öz missiyasını Ermənistandan çıxarmaq istəmədiyini deyib. Bu, Avropa İttifaqının Yarım hərbi Mülki Missiyasının fəaliyyətinin məhz Rusiyaya qarşı yönəlməsi ilə əlaqəlidir. Fikrimcə, Ermənistanda parlament seçkilərində Paşinyan qələbə əldə edəndən sonra, Avropa İttifaqının yarım hərbi mülki missiyası ölkəni tərk edəcək".