"Azərbaycanın nüfuzu qlobal miqyasda da özünü göstərməkdədir” - Azər Hüseynov

15:41 01.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri və burada yüksək səviyyədə qarşılanması ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunu bir daha nümayiş etdirdi. Bu səfər təkcə diplomatik protokol çərçivəsində deyil, həm də Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin getdikcə yüksəldiyinin bariz göstəricisi kimi qiymətləndirilə bilər”.

Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Azər Hüseynov bildirib.

Ekspert qeyd edib ki, Çin dünyanın aparıcı iqtisadi güclərindən biri olmaqla yanaşı, həm də qlobal maliyyə və ticarət sisteminin əsas oyunçusudur. Belə bir dövlətin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsi Bakının regiondakı strateji mövqeyini və beynəlxalq iqtisadi sistemdə rolunu açıq şəkildə ortaya qoyur:

“Prezident İlham Əliyevin Pekində yüksək səviyyəli qəbul edilməsi və aparılan görüşlərin əhatə dairəsi Azərbaycanın yalnız enerji təchizatçısı kimi deyil, həm də Avrasiya məkanında mühüm tranzit və logistik mərkəz kimi dəyərləndirildiyini göstərir. Azərbaycanın təşəbbüsü ilə formalaşan enerji və nəqliyyat layihələri – xüsusilə Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı – qlobal enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya marşrutları üçün mühüm əhəmiyyət daşıyır. Çin rəhbərliyi ilə aparılan müzakirələrdə bu layihələrin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə sinxronlaşdırılması məsələsi də ön plana çıxdı. Bu, Azərbaycanın beynəlxalq maliyyə-iqtisadi sisteminin tam bağlayıcı mühüm halqası halına gəlməsinin əsas amillərindən biridir”.

A.Hüseynov əlavə qeyd edib ki, Azərbaycanın sabit daxili siyasi mühiti, balanslaşdırılmış xarici siyasəti və regional münaqişələrin həllində göstərdiyi konstruktiv mövqe böyük dövlətlərin diqqətini cəlb edir:

"Belə ki, Çin, Avropa İttifaqı və ABŞ kimi aktorlar üçün Azərbaycan etibarlı tərəfdaş rolunda çıxış edir. İlham Əliyevin Çinə səfəri həm də bu çoxtərəfli əməkdaşlığın davamlılığını təsdiqləyən siyasi mesaj kimi qəbul oluna bilər. Beləliklə, Azərbaycanın artan nüfuzu təkcə regionda deyil, qlobal miqyasda da özünü göstərməkdədir. Bir çox böyük dövlətlər artıq açıq şəkildə Azərbaycanla tərəfdaşlığın önəmini vurğulayır və bu münasibətlərin dərinləşdirilməsində maraqlı olduqlarını bildirirlər”.