"Birdəfəlik ödəmədən yararlanmaq üçün sui-istifadə hallarına yol verilməsi mümkünsüzdür"- Rəsmi açıqlama

11:25 08.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hafta.az-ın əldə etdiyi məlumatlara görə, bir çox vətəndaşlar karantin müddətində və ondan əvvəl ünvanlı sosial yardımları və 190 manatlıq maddi yardımları əldə edə bilmə üçün qəsdən boşanır və sui-istifadə hallarına yol verirlər.

Onlar dövlətin bu kimi yardımlarını əldə etmək üçün digər forsmajor hallara əl atır. Məsələnin nə qədər əsaslı olmasını aydınlaşdırmaq istədik. Həqiqətən də, belə hallar aşkar olunubmu?

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı saytımıza açıqlamasında bildirdi ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub:

"9 aprel tarixindən etibarən qeydiyyatdan keçən, işsiz statusu olan və ödəməni almaq üçün hüququ yaranan şəxslərə təyinatların aparılmasına başlanıldı. Aprel ayı üçün 600 min şəxsə birdəfəlik ödəmə prosesi artıq yekunlaşıb.
Sorğuda qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, birdəfəlik ödəmədən yararlanmaq üçün sui-istifadə hallarına yol verilməsi mümkünsüzdür. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər.
Ailə üzvləri ÜDSY alınması üçün məqsədli şəkildə nigahlarının pozulması üçün müraciət etmiş olsalar belə, ÜDSY üçün elektron müraciət zamanı ailənin tərkibi və gəlirləri haqqında məlumatlar düzgün qeyd edilməlidir".

F. Talıblı qeyd etdi ki, qeyd edilmiş məlumatların elektron qaydada yoxlanılması zamanı uyğunsuzluq olmadıqda VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin (maddi-məişət şəraitinin müayinəsi dedikdə, Təmsilçinin “Ərizə-bəyannamə”də daxil etdiyi məlumatların DSMF-nin yerli şöbəsinin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən Təmsilçinin evində yoxlanılması nəzərdə tutulur) aparılması barədə tapşırıq göndərilir:

"Müraciət zamanı qeyd edilən məlumatlar maddi-məişət şəraitinin müayinəsində öz əksini tapmadıqda (nigahı pozulmuş şəxslərin eyni ünvanda yaşadığı aşkar edilərsə) ÜDSY-nin təyin olunmasından imtina edilir".

Qeyd edək ki, ÜDSY dedikdə, dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımı nəzərdə tutulur.

Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur.

Ehtiyac meyarı dedikdə, ÜDSY-nin təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur.

Misal: 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 160*4=640 manat təşkil edir. Bu halda ailəyə 640-400=240 manat məbləğində ÜDSY təyin edilə bilər.

Ailə dedikdə, qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.

Misal 1: 1 evdə 2 qardaşın 5 və 3 nəfərlik ailəsi qaz, işıq və su sayğaclarından birgə istifadə etməklə yaşayırlar. Bu halda həmin evdə yaşayanlar 1 ailə hesab edilir və ailə üzvlərinin sayı 8 nəfərdən ibarət olacaq.

"Aprel ayında 2,3 milyon şəxsə sosial ödənişlər (o cümlədən, 1 milyon 270 min nəfər pensiya, 418 min nəfər müavinət, 298 min nəfərə təqaüd, 82 min 300 ailənin 342 min üzvünə ünvanlı sosial yardım) aparılıb. Bu istiqamətlər üzrə əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz və ya 103 milyon manat çox olmaqla 480 milyon manatdan artıq ödəniş həyata keçirilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuata müsahibəsində bildirib. Onun sözlərinə görə, son bir ayda bu sosial təminat növləri üzrə ödənişlər ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 154 min nəfər çox insanı, 2,3 milyon vətəndaşı əhatə edib: “2020-ci ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12 faiz və ya 31,74 manat artaraq 2020-ci ilin 1 may tarixinə 295,3 manat təşkil edib. 2020-ci ilin 1 may tarixinə yaşa görə pensiyaların orta aylıq məbləği isə 329 manatdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 64,24 manat və ya 27,8 faiz artıb. Bu isə pandemiya şəraitində pensiyaçılarımızın maddi təminatının qorunmasına ciddi dəstəkdir”. Nazir deyib ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manata çatıb.