"Bu görüşlər Prezident İlham Əliyevin liderlik missiyasının genişmiqyaslı təsdiqidir - Bəhruz Quliyev

15:27 01.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə həyata keçirdiyi səfər həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfərin ən önəmli məqamlarından biri, dövlət başçımızın Çinlə yanaşı digər ölkələrin liderləri ilə də yüksək səviyyəli görüşlər keçirməsidir".

Bunu hafta.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, Çinin mühüm iqtisadi və siyasi mərkəzlərindən olan Tiencin şəhərində keçirilən görüşlər zamanı Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla birbaşa təmas qurması diqqət çəkən məqamlardan biridir:

“Bu görüşdə əsas müzakirə mövzusu sülh müqaviləsinin imzalanması və bölgədə sabitliyin təmin olunması ilə bağlı olub. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha qətiyyətlə ifadə edib. Ermənistan konstitusiyasındakı ərazi iddiaları aradan qaldırılmadan və real addımlar atılmadan sülh mümkün deyil. Bu mövqenin beynəlxalq ictimaiyyətin gözü qarşısında bir daha Paşinyanın diqqətinə çatdırılması Azərbaycanın prinsipial siyasətinin nümayişidir.

Tiencində keçirilən mühüm görüşlərdən biri də Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutdu. Qardaş ölkələrin liderləri regional əməkdaşlıq, enerji və nəqliyyat layihələrinin gələcəyi, xüsusilə Zəngəzur dəhlizi və Orta Dəhliz çərçivəsində yeni perspektivlər barədə fikir mübadiləsi apardılar. Azərbaycan–Türkiyə münasibətlərinin sarsılmaz strateji müttəfiqlik əsasında davam etməsi bu görüşdə bir daha təsdiqləndi.

Bununla yanaşı, artıq bəllidir ki, Prezident İlham Əliyevin digər dövlət başçıları ilə də görüşləri olub. Bu görüşlərdə əsas mövzular beynəlxalq iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, kommunikasiya xətlərinin genişləndirilməsi və Azərbaycanın regionda artan roluna dair məsələlər təşkil edib. Bu, bir daha göstərir ki, Azərbaycan yalnız regionun deyil, həm də qlobal miqyasda mühüm tərəfdaş kimi qəbul olunur".

B.Quliyev vurğulayıb ki, ümumilikdə, Tiencindəki görüşlər Prezident İlham Əliyevin liderlik missiyasının genişmiqyaslı təsdiqini ortaya qoydu:

"Azərbaycanın maraqlarının açıq şəkildə müdafiəsi, regional sülh təşəbbüslərində prinsipial mövqeyi və strateji müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi bu səfərin real nəticələridir. Hesab edirəm ki, Çinə səfər həm Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə yüksəlməsi, həm də beynəlxalq siyasətdə ölkəmizin artan nüfuzunun təsdiqi kimi qiymətləndirilməlidir".