DünənTəhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirdi ki, təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq mövcud vəziyyət qiymərləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq. Ehtiyac olsa dəstəkləyici addımlardan istifadə etməklə dərslərdən geri qalmamaq halları aradan qaldırılacaq. Çalışacaq ki, növbəti tədris ilində bu məsələ problem yaratmasın".
Həmçinin C.Bayramov qeyd edib ki, buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilir:
"Konkret əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək. Bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa ali təhsil müəssisələri ilə bağlı təkliflər hazırlanacaq. Mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq".
Dünənki brifinqdə Təhsil Naziri Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi dedi ki, cari tədris ilində canlı dərslər böyük ehtimalla olmayacaq:
"Dərslər yalnız onlayn qaydada həyata keçirilərək bu tədrisi ili başa çatdırılacaq. Keçirilməyən mövzularla bağlı ümumi araşdırmalardan sonra ola bilsin ki, qərara alınacaq ki, 2020/2021-ci tədris ilinin ilk ayı (1 sentyabr dərslərin başlanma tarixi ola bilər və bu mənim ehtimalımdır) sırf həmin mövzular tədris olunsun. Buraxılış və qəbul imtahanları iyun və iyul aylarında həyata keçirilə bilər. Qısası imtahanlar keçiriləcək".
Ekspert qeyd etdi ki, son fikirlərdən belə aydın olur ki, dövlət insanların həyati sağlamlıqlarına daha çox üstünlük verir:
"Eyni zamanda təhsildən geri qalmamaları üçün dövlətin uyğun bildiyi müasir texnolji avadanlıqlar və platformalar üzərindən dərslərin tədrisinə çalışırlar. Fikrimcə, cari tədris ili bu şəkildə davam edəcək. Yəni onlayn formada. Bu tədris ili belə başa vurulacaq. Əslində məntiqlə yanaşsaq təhsil sahəsi ən sonda açılacaq mərhələdir. Bilirsiniz ki, ölkədə 2 milyona yaxın vətəndaş sırf təhsillə bağlıdır. Bu insanların həyatını təhlükəyə atmamağı düşünürlər. Dərslərin canlı ünsiyyət formasında bərpası yalnız pandemiya bitdikdən sonra mümkün olacaq. Nəzərə alsaq ki, postpandemiya dövründə Təhsil Nazirliyi çevik hərəkət edərək teledərslər, virtual məktəb və microsoft times vasitəsilə dərslərə başladı, o zaman düşünürəm ki, bunlar böyük miqyasda buraxılacaq dərslərin ölçüsünü kiçiltdi. Hal-hazırda da onlayn dərslərə qoşulma sürətlə artır və yuxarıda da qeyd etdiyim kimi, bu tədris ilinin bu formada bitəcəyini düşünürəm".