Koronavirus pandemiyası ilə əlaqədar bütün tədbirlərə riayət olunması ilə bağlı geniş məlumatlar əks olunur. Belə ki, sosial izolyasiya tədbirləri hər yerdə aparılır, vətəndaşlara bu və ya digər formada əməl etmələri üçün qaydalar tətbiq olunur. Bundan əlavə bütün tədris ocaqlarında dərslər dayandırılıb, sentyabra qədər də bu davam edəcək. Lakin dərslər dayandırılsa da, məktəblilərdən dərsliklər yığılmayıb. Maraqlıdır köhnə dərsliklər yeni tədris ilində uşaqlara verilərsə tibbi baxımdan qorxulu ola bilərmi? Bir çox tibb ekspertləri hesab edirlər ki, kağız məmulatlarında koronavirus yaşaya bilir.
Mövzu ilə bağlı hafta.az-a danışan təhsil ekpserti Elçin Əfəndi dedi ki, ümumtəhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biri olduğu üçün bu məsələdə həsasslıq hər zaman var idi və pandemiya dövründə bir qədər də artacaq:
“Bilirsiniz ki, dərsliklərin hazırlanması zamanı istifadə olunan materialların tərkibi öyrənilir, onların zərərsizlik dərəcəsi müəyyən olunur və keyfiyyət göstəricisi yüksək olduğu halda istifadəyə yararlı olduğu qəbul edilir. Burada xüsusi diqqət yetirləcək məqam çap zamanı əməkdaşların test olunması, mətbəələrin, ümumiyyətlə çap yerlərinin dezinfeksiya olunmasıdır. Ümumi yoxlamalar müsbət nəticələndiyi halda yeni dərsliklər nəşr olunmalıdır. Bütün bunlara baxmayaraq, dərsliklərin paylanmadan öncə nömrələnməsi zamanı xüsusi həssaslıq lazımdır. Nömrələməni həyata keçirən şəxslərin test olunması, onların virus daşıyıcısı olmamaları təsdiq olunduqdan sonra bu prosesə start verilməlidir. Əgər kütləvi yoluxma halları baş verərsə, o zaman ümumiyyətlə dərsliklərin növbəti il üçün şagirdlərə verilməsi ertələnə bilər”.