Bir neçə aydır ki, koronavirus pandemiyasına görə tədris dayandırılıb. Proses sentyabra qədər davam edəcək. Buna baxmayaraq orta məktəbdə dərsliklər şagirdlərdən yığılmayıb. Maraqlıdır, şagirdlərdən dərsliklərin yığılması hansı qaydada aparılacaq?i Valideynləri narahat edən məsələ həmin dərsliklərdən koronavirusa yoluxma ehtimalı ola biləcəyidir. Yeni tədris ilində həmin dərsliklər şagirdlərə veriləcəkmi, yoxsa yeni nəşrlər olacaq?
Bu barədə hafta.az-a Təhsil Nazirliyindən bildirilib ki, dərsliklərin şagirdlərdən hansı qaydada geri yığılacağı xüsusi karantin rejiminin tələblərindən asılı olaraq dəyişə bilər:
"Odur ki, bu qaydalarla bağlı konkret fikir bildirmək hələ mümkün deyildir. Amma onu da bildirək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında, eləcə də I, V və IX siniflərində təhsil alan bütün şagirdlər yeni dərsliklərlə təmin olunacaqdır. II-IV, VI-VIII, X-XI sinif şagirdləri isə əvvəlki illərdə istifadədə olan dərsliklərlə təmin olunacaqlar. Tədqiqatlar göstərir ki, COVID-19 virusu səthlər üzərində bir neçə saatdan bir neçə günə qədər sağ qala bilir. Qeyd edilən siniflər üzrə dərsliklərin şagirdlərdən geri yığılması və digər şagirdlərə tədrisdə istifadə üçün verilməsi arasında kifayət qədər müddət olacağını nəzərə alaraq onlardan hər hansı yoluxmanın baş verməsi mümkün olmayacaqdır.
Qeyd edək ki, dərsliklərin şagirdlərdən geri yığılması və yenidən paylanması prosesi bütün təhlükəsizlik və sanitar-epidemioloji normalara, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə həyata keçiriləcəkdir".