"Hindistan Azərbaycana ən çox döşəmə plitə ixrac edən üçüncü ölkədir" - Vinay Kumar

16:57 18.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki Səfirliyi dörd şirkətdən ibarət Hindistanın işgüzar nümayəndə heyətinin və iri Azərbaycan şirkətlərinin, eləcə də AZPROMO da daxil olmaqla biznesə dəstək təşkilatlarının 15-ə yaxın nümayəndəsinin iştirakı ilə Hindistan-Azərbaycan əməkdaşlığına dair B2B formatında görüş təşkil edib.

Hafta.az-ın yazdığına görə, Hindistanın ölkəmizdəki Müvəqqəti İşlər vəkili Vinay Kumar açılış nitqində, Hindistanın dünyada ikinci ən böyük döşəmə plitəsi (kafel) istehsalçısı olduğunu vurğulayıb. Bildirib ki, bu illər ərzində, Hindistanın döşəmə plitəsi sənayesi qlobal rəqabət apara biləcək müasir dünya səviyyəli sənaye kimi formalaşmaq üçün yeni innovasiyalar və məhsul portfeli, keyfiyyət və dizayn baxımından modernləşib. Onun sözlərinə görə, Hindistan 125-dən çox ölkəyə döşəmə plitə ixrac edir. O, həmçinin iştirakçıların nəzərinə çatdırıb ki, müxtəlif sektorlar üzrə Hindistan şirkətləri haqqında daha ətraflı məlumatı www.indianbusinessportal.in portalından almaq olar.

Cənab Kumar Hindistanın keramika və porselen plitə məhsullarının Azərbaycan bazarında artıq tanındığını qeyd edib. Bildirib ki, 2022-ci ilin yanvar-iyul ayları üzrə statistikaya əsasən, Hindistan Azərbaycana ən çox döşəmə plitə ixrac edən üçüncü ölkə olub. Yəni Azərbaycanın ümumi döşəmə plitə idxalının 13,4 faizini təşkil edib. Bununla belə, Azərbaycanda Hindistan döşəmə plitə məhsullarının bazar payını artırmaq üçün hələ də, böyük potensial mövcuddur.

Tədbir zamanı, Hindistanın Lavit Tile LLP, Kivos Ceramic, Metro Ceramics və Mozart Vitrified şirkətlərinin nümayəndələri öz şirkətləri haqqında təqdimatla çıxış ediblər. Təqdimatların ardından, Hindistan və Azərbaycan şirkətləri arasında B2B görüşlər keçirilərək səmərəli işgüzar müzakirələr aparılıb. Hindistanın sözügedən hər dörd şirkəti 19-21 oktyabr 2022-ci il tarixlərində keçiriləcək Baku Build - 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində sərgi iştirakçı qismində iştirak edir.

Azərbaycan statistik məlumatlarına əsasən, 2022-ci ilin yanvar-avqust ayları üzrə Hindistanla Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 159,5 faiz artaraq 1,528 milyard dollar təşkil edib. Bu dövr ərzində Hindistan Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistana ixracı 181,6 faiz artaraq 1,378 milyard dollara yüksəlib. Hindistan, Azərbaycan üçün üçüncü ən böyük ixrac bazarı olub. Eyni dövrdə, Azərbaycanın Hindistandan idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,8 faiz artaraq 149,89 milyon dollara çatıb.