Bəlucistan ostanının aparıcı sünni liderlərindən olan Mövləvi Əbdülhəmid İsmayılzehi bəyan edib ki, İran rejimi bütün ölkədə qız tələbələrin zəhərlənməsinə görə məsuliyyət daşıya bilər.
Hafta.az-ın "MepaNews"a istinadən yazdığına görə, Mövləvi Əbdülhəmid İranda qız tələbələrin zəhərlənməsinə görə “İran rejiminin məsul və ya ortaq ola biləcəyini” iddia edib.
Rejimə etiraz edən tələbələri zəhərləmək üçün davam edən cəhdləri “təhdid siyasəti” kimi qiymətləndirən Mövləvi Əbdülhəmid etirazlara çoxlu tələbənin qatılması səbəbilə İran rejiminin zəhərlənmələrə qarşı lazımi tədbir görmədiyini deyib.
Mövləvi Əbdülhəmid bildirib ki, əslində rejim zəhərlənmələrə görə məsuliyyət daşıyan şəxsləri yaxşı tanıyır, amma görünən odur ki, ictimaiyyəti çaşdıracaq açıqlamalar verməyi üstün tuturlar. İran rejimi idarəçilərini “yalan danışmaqda” ittihamlayan Mövləvi Əbdülhəmid “Ən pis hökmdar, xalqına yalan danışandır” deyib.
Qeyd edək ki, İranda bu yaxınlarda yüzlərlə məktəbli qız zəhərlənib. Rejimin əleyhdarları qız tələbələrin zəhərlənməsinə görə Tehranı günahlandırsa da, İran rejimi bu hadisəyə görə məsuliyyət daşıyan “düşmənlərini” göstərib.