"Laçın dəhlizi Zəngəzur dəhlizi ilə eyni statusu alacaq"  

15:58 08.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Laçın dəhlizi bir həftə ərzində boşaldılıb təhvil verilməlidir.  Sosial şəbəkələrin erməni seqmentinə baxanda da görürük ki, artıq o ərazilərdə ermənilərin çıxarılması prosesi gedir”.

Bunu politoloq Samir Hümbətov hafta.az-a Laçın dəhlizinin boşaldılması və ermənilərin onlara verilən vaxtdan necə istifadə edəcəyi ilə bağlı açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, 2020-ci ildə olduğu kimi, ermənilər yenə də çıxdıqları ərazilərdə vandallıq hərəkətlərini davam etdirirlər.  Ermənilərin “bizdən türklərə heç nə qalmasın” ideyası ilə Laçında dağıntılar törətdiklərini bildirən S.Hümbətov bunu erməni xislətinin növbəti nümunəsi kimi önə çəkib.

O, eyni zamanda Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin müqayisəsini önə çəkməklə, məhz Zəngəzur dəhlizi açılacağı təqdirdə, Laçında dəhlizin saxlanmasını mümkün hesab edib.

“Prezident 2021-ci il 14 dekabr tarixində Brüsseldə keçirilən üçtərəfli görüşdə də açıq şəkildə bildirdi ki, Laçın dəhlizi Zəngəzur dəhlizi ilə eyni statusu alacaq. Zəngəzur dəhlizində gömrük olacaqsa, Laçında da olacaq, Zəngəzur dəhlizində ermənilər tərəfindən hər hansı maneə olacaqsa, bu Laçın dəhlizinə də şamil olunacaq. Bu o deməkdir ki, bizim üçün başqa dövlətlərin nə deməsinin, nə düşünməsinin əhəmiyyəti yoxdur. Bizim dövlət maraqlarımız nəyi təmin edirsə, biz onu edəcəyik.  Düşünürəm ki, Azərbaycanın maraqlarını təmin edən hadisələr bu yaxın zamanlarda baş verəcək”. 

S.Hümbətov hesab edir ki, Ermənistan, Rusiya və Fransanın “Qisas” əməliyyatı ilə bağlı sərgilədiyi son mövqedə müəyyən fərqliliklər var. Onun fikrincə, Rusiya onsuz da iki ilə yaxın müddətdə üçtərəfli sazişə əsasən götürdüyü öhdəliyi yerinə yetirməyib, terrorçuları təmizləməyə cəhd belə etmədi. 

Fransa da daim Ermənistanın yanındadır və münaqişənin ədalətli həlli üçün heç bir addım atmayıb. Paşinyanın mövqeyinə gəlincə, o, İran, Rusiya, Avropanın təzyirləri ilə üzləşdiyi üçün konkret fikir bildirə bilmir. Paşinyan “Qısas” əməliyyatından sonra öz cəmiyyətinə izah elədi ki, biz Azərbaycanla bağlı götürdüyümüz öhdəlikləri yerinə yetirməsək, itirən Ermənistan vətəndaşları olacaq. Ona görə də Paşinyan Rusiyanın Qarabağda əsir saxlamaq istədiyi əsgərləri ordan çəkəcək. Qərbə də mesaj verəcək ki, artıq bu addımları atacaq”.

Politoloq bildirib ki, son günlərdə Makronun Azərbaycan prezidentinə zəng edib məsələləri müzakirə etməsinin Azərbaycana yaxşı nələrsə vəd etməsə də, Azərbaycan öz maraqlarına uyğun mövqe ortaya qoyub və bu mövqeyindən çəkilməyəcək”.

Siyasət rubrikasından digər xəbərlər