"Laçın Şəhəri Günü ədalətsizliyin sona çatmasının simvoludur” - Rəşad Bayramov

14:21 26.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir fəlakət idi. Çünki bu rayonun işğalı ilə Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaratmaq imkanı əldə etdi və əslində sonrakı torpaq itkilərimizin əsası da məhz Şuşa və Laçının itirilməsi ilə başladı”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Laçın Şəhəri Günü kontekstində rayonun bir güllə atılmadan azad edilməsi və işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlərə diqqət çəkərkən deyib.

Politoloq Ermənistanın işğal dövründə Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olması faktına diqqət çəkib. O, vurğulayıb ki, belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.

Politoloq Laçının azad olunması prosesindən qısa fraqmentlərə toxunub:

“Nəhayət 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Ermənitsan kapitulyasiyaya və ərazilərimizi boşaltmağa məcbur edildi. İmzalanan üçtərəfli bəyanatla 2020-ci il dekabrın 1-də Laçın rayonu boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci il avqustun 26-da isə Laçın rayonu, Zabux və Sus kəndləri də nəzarətimizə götürüldü. Bununla da Laçın rayonu, Güləbird, Səfiyan və Türklər kəndləri istisna olmaqla heç bir güllə atılmadan, aparılan diplomatik fəaliyyət nəticəsində işğaldan azad edildi. Məlumdur ki, ölkə başçısının 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub”.

R.Bayramov eyni zamanda qeyd edib ki, Azərbaycanda Laçın şəhəri gününün qeyd olunması uzun illər davam edən ədalətsizliyin sona çatmasının simvoludur. Bu gün xalqımızın yaddaşında tarixi zəfərin, torpağa bağlılığın və azadlıq arzusunun gerçəkləşdiyi gün kimi əbədiləşib:

“Hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi Laçında da genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Müasir evlər, məktəblər, xəstəxana, istirahət mərkəzləri tikilir, infrastruktur yaradılır və ən nəhayət insanlarımız uzun həsrətdən sonra öz doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar. Hər kəs - həm laçınlılar, həm də bütün xalqımız bilir ki, bu torpaqlarda artıq rahat şəkildə yaşamaq, işləmək imkanları var. Çünki sərhədlərimizin hər qarışında artıq Azərbaycan əsgəri var, güclü və kifayət qədər yaxşı təchiz olunmuş ordumuz var. Bu gün Azərbaycan ordusu ölkəmizin hər qarışını istənilən düşmənə qarşı qorumaq gücündədir”.