"Manatın məzənnəsinin dəyişməsi birbaşa Mərkəzi Bankdan asılıdır" - Vüqar Bayramov

09:55 30.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son bir ayda dollara nisbətdə hiss ediləcək dərəcədə zəifləyib. Həm ümumi xarici ticarətdə, həm də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyədə noyabr ayında dollara nisbətdə 9,5-dən 12,5-dək geriləyən lirə son ay ərzində 22 faiz dəyərsizləşib".
Hafta.az-ın yazdığına görə, bu barədə tanınmış iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili əlavə edib ki, başa çatmaqda olan ay qeyri-neft ixracatında əsas ticarət tərəfdaşımız olan və ən çox məhsul idxal etdiyimiz Rusiya rublu üçün də arzuolunan olmayıb. Noyabra dollara nisbətdə 70,8 məzənnəsi ilə başlayan rubl ayın sonuncu günü birjalara 75,0 kursu ilə çıxarılıb. Bu son bir ayda Rusiya rublunun ABŞ dollarına nisbətdə 6 faizə yaxın ucuzlaşması deməkdir.
"Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dolları qarşısında uduzub. Noyabr ayına dollara nisbətdə 1,16 kursu ilə başlayan avro daha sonra 1,3 bəndinədək dəyər itirib. Bu da avronun 3 faiz ucuzlaşması deməkdir", - deyir iqtisadçı.
Onun sözlərinə görə, regional valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə, bütövlükdə milli valyutanın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan vəsaitin məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacibdir. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur.
"Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyir V.Bayramov.
Oxunma sayı 281