"Misirlə Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək" - SƏFİR

21:49 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirdə baş vermiş İyul İnqilabının 71-ci ildönümüdür. Bu məqsədlə Misirin ölkəmizdəki səfirliyi rəsmi qəbul təşkil edib.

Hafta.az-ın yazdığına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Misirin ölkəmizdəki səfiri Hişam Məhəmməd Nağı Abdel Həmid inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, inqilab, həmçinin Misiri ərəb dünyasında regional lider edib və onun təsir sərhədlərini aşaraq Afrika, Asiya və Latın Amerikasında müstəqillik hərəkatlarını ruhlandırıb.

İki ölkə arasındakı əlaqələrdən danışan səfir qeyd edib ki, Azərbaycan və Misir arasında hər zaman səmimi dostluq münasibətləri olub. Səfir vurğulayıb ki, Misir 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub: "Keçən il biz hökumətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu ilin əvvəlində Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Bakıya səfəri ikitərəfli münasibətlərimizin inkişafında mühüm mərhələ oldu. Ümid edirəm ki, Misir və Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək və çiçəklənəcək”.

Diplomatın sözlərinə görə, Misir hər zaman münaqişə və terrorizmin əsas səbəblərini aradan qaldırmaq, qlobal sülh, təhlükəsizlik və davamlı inkişaf üçün səy göstərməklə qlobal problemlərin həllinin zəruriliyinə inanıb: “Azərbaycan iqtisadi tərəqqi, sosial sabitlik, qlobal sülh və təhlükəsizliyə nail olmaq öhdəliyimizi bölüşür. Biz daxili şərtlərimizə uyğun olaraq iqtisadi inkişafa və sosial tərəqqiyə nail olmaq üçün bir-birimizin səylərini qətiyyətlə dəstəkləyirik”.

Sonra çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik edib.

Nazir xalqlarımızı dini və tarixi bağlara əsaslanan ənənəvi dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib, bu gözəl ənənələr üzərində qurulan dövlətlərarası münasibətlərimizin bu gün də yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31 illiyini və Misirin Bakıda səfirliyinin açılmasının 30 illiyini qeyd edirik: “Bu günə qədər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün 50-dən çox ikitərəfli sənəd imzalanıb”.

O deyib ki, bu il yanvarın 28-də Misir Prezidenti cənab Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri əlaqələrimizin inkişafına əlavə təkan verdi: “Dövlət başçılarının görüşündə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə olunub. Əczaçılıq, alüminium sənayesi, neft sənayesi, bərpa olunan enerji sektoru əməkdaşlığımızın prioritet sahələri kimi müəyyən edilib. Hesab edirik ki, indiki yüksək siyasi iradə fonunda qarşıya qoyulan məqsədlərə nail olmaq mümkündür”.

R.Nəbiyev əlavə edib ki, Azərbaycan-Misir hökumətlərarası Birgə Komissiyanın 2024-cü ilə planlaşdırılan növbəti iclasında tərəflər təklif olunan ticarət və investisiya imkanlarının və əlverişli biznes mühitinin müzakirəsi də daxil olmaqla, müxtəlif məsələlərə baxılacaq: “Bundan əlavə, gündəliyə kənd təsərrüfatı, təhsil, mədəniyyət, enerji, səhiyyə sahələrində əməkdaşlıq məsələləri daxil ediləcək. Biz ölkələrimiz arasında İKT sahəsində əməkdaşlığın genişləndirilməsi potensialını daha da araşdırmağa davam edəcəyik. Bununla bağlı qeyd edim ki, hazırda ölkələrimiz arasında həftədə üç sərnişin reysi həyata keçirilir. İnanırıq ki, birbaşa uçuşların sayının artırılması ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm sahələrində əməkdaşlığa töhfə verəcək". 

Nazir bildirib ki, əlavə olaraq, Azərbaycan tərəfi olaraq aerokosmik sənayedə əməkdaşlıq potensialını araşdırırlar. Onun sözlərinə görə, hazırda “Azərkosmos” ilə Misir Kosmik Agentliyi arasında danışıqlar aparılır. "Hesab edirəm ki, bu, Azərbaycanın peyk potensialı ilə bağlı bəzi Misir şirkətləri ilə artıq mövcud olan sazişlərə mühüm əlavədir. Biz, həmçinin Misir şirkətləri ilə Azərbaycan bazarına çıxmaq imkanları ilə bağlı danışıqları davam etdiririk. Ötən il iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə Azərbaycan-Misir Biznes Forumu təşkil olunub. Bu təşəbbüslər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı gücləndirir. Belə ki, 2023-cü ilin ilk altı ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb”, - nazir deyib.

Nazir ikitərəfli münasibətlər yanaşı, ölkələrimiz arasında beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı dəstəyi də qeyd edib. Bildirib ki, münasibətlərimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Ərəb Dövlətləri Liqası çərçivəsində uğurlu əməkdaşlığa qədər uzanır.

Siyasət rubrikasından digər xəbərlər