"Niyə xərçəng xəstəliyi icbari tibbi sığortaya əlavə edilmir?” - Vüqar Dadaşov

15:40 28.08.2025 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Hüquqşünasdan xərçəng xəstəliyi ilə bağlı SOS

“Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına əsasən, ürək-damar xəstəliklərindən sonra xərçəng xəstəliyi insan ölümünə səbəb olduğuna görə ikinci yerdədir. Danılmaz statistik məlumatlara baxmayaraq, xərçəng Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində icbari sığorta siyahısına əlavə edilmir. Təkcə bu fakt sübut edir ki, xərçəng xəstəliyi və onunla bağlı olan nə varsa, qlobal biznes layihəsidir”.

Bunu hafta.az-a açıqlamasında hüquqşünas Vüqar Dadaşov bildirib.

O, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Səhiyyə Nazirliyi və TƏBİB-i bu məsələnin üzərində dayanmağa çağırıb.

Hüquqşünas bildirib ki, xərçəng xəstəliyinin icbari sığortaya daxil edilməməsi həddindən artıq maddi xərclərin tələb olunması ilə izah edilir:

"Belə çıxır ki, imkanı olanlar müalicə alır, kasıblar gecikdirir və ya müalicəni dayandırır və maddi imkansızlıq ölümlə nəticələnir. Qeyd edilən nəticə, yəni maddi xərc insan həyatında üstün tutulursa, bu həm sosial, həm mənəvi və həm də əxlaqi baxımından insanlıq prinsipindən çox uzaq yanaşmadır. Bu yanaşma həm də Azərbaycan Konstitusiyasına tam zidd mövqedir. Azərbaycan Konstitusiyasında dövlətin vətəndaşların sağlamlığını qoruma öhdəliyi açıq şəkildə təsbit edilib.

Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 41 - Sağlamlığın qorunması hüququ:

- Hər kəsin sağlamlığını qorumaq hüququ vardır.

- Dövlət, sağlamlığın qorunmasını təmin etmək üçün müxtəlif tədbirlər görür. Yəni, dövlət pulsuz tibbi yardımın əsas növlərini təmin etməlidir. Qısa desək, dövlət vətəndaşların sağlamlığını qorumaq üçün hüquqi və maliyyə təminatları yaratmağa borcludur.

Göründüyü kimi, vətəndaşların sağlamlığının qorunması dövlətin öhdəliyidir. Konstitusiya dövlət qarşısında ümumi öhdəlik qoyur, ancaq tətbiq mexanizmi - İcbari Tibbi Sığorta bu hüququ məhdudlaşdırır, yəni İTS (paketi) dövlətin əsas qanunu Konstitusiyaya açıq və inkaredilməz ziddiyyət təşkil edir.

Açıq qalan sual isə budur: Niyə xərçəng xəstəliyi icbari tibbi sığorta paketinə əlavə edilmir”.