Dunayda suyun səviyyəsi minimuma enib: batmış gəmilər üzə çıxıb

21:45 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiya və Xorvatiyada Dunay çayının səviyyəsinin minimum həddə enməsi nəticəsində onilliklər əvvəl batmış gəmilər yenidən üzə çıxıb.

Hafta.az xəbər verir ki, bu barədə Rumıniyanın “Ziua News” nəşri məlumat yayıb.

Avropada davam edən güclü istilər və uzunmüddətli quraqlıq Dunay hövzəsində suyun səviyyəsinin kəskin azalmasına səbəb olub. Çayın bəzi hissələrində su yüzlərlə metr geri çəkilib, geniş qum adaları və əvvəllər su altında qalan sahələr üzə çıxıb.

Serbiyanın Novi Sad şəhərində limanlarda çoxsaylı qayıqlar lil qatında ilişib qalıb, yük barjaları isə yalnız çayın daha dərin hissələrində hərəkət edə bilir. Aşağı su səviyyəsi nəticəsində yanacaq daşımaları da ciddi şəkildə azalıb. Ölkənin energetika qurumları bildirirlər ki, iyul ayı üçün nəzərdə tutulan yanacaq idxalının cəmi dörddə biri həyata keçirilib.

Xorvatiyada suyun çəkilməsi nəticəsində 1937-ci ildə batmış yük gəmisinin qalıqları yenidən görünməyə başlayıb. Serbiyanın şərq hissəsində isə İkinci Dünya müharibəsinin sonlarında batırılmış Almaniya hərbi donanmasına məxsus gəmilər suyun üzərinə çıxaraq gəmiçiliyin təhlükəsizliyi üçün əlavə risk yaradıb.

Mütəxəssislər bildirirlər ki, Dunay hövzəsində müşahidə olunan vəziyyət balıqçılıq, turizm, çay nəqliyyatı və ekosistemə ciddi mənfi təsir göstərir. Onların fikrincə, bu prosesin əsas səbəbi iqlim dəyişiklikləri, yağıntıların azalması və yüksək temperatur nəticəsində buxarlanmanın artmasıdır.

Hidrometeoroloqlar yaxın günlərdə yuxarı hövzələrdə gözlənilən yağıntılar hesabına Dunayda suyun səviyyəsinin cüzi artacağını proqnozlaşdırsalar da, mövcud vəziyyətin Avropanın ən mühüm su arteriyalarından birində uzunmüddətli ekoloji və iqtisadi problemlərə səbəb ola biləcəyi vurğulanır.