"Qara cümə" günü endirim kampaniyalarında iştirak edən şirkətlərin iki məqsədləri olur.
Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, birincisi, artıq mövsümü keçən, ehtiyatlarında çox olan məhsulları daha ucuza satıb məhsul dövriyyəsini artırmaq, digəri isə brendin tanıtım reklam məsələləridir:
“Endirim olanda alıcılar həvəslə mağazalara axışırlar, beləcə brendin reklamı da getmiş olur. Həm də seçilmiş mallara endirim edilərək digərlərinin satışını həyata keçirə bilirlər.Tətbiq olunan endirimin faiz göstəricisinə gəldikdə isə deyə bilərəm ki, bu sırf şirkətlərin qərar verəcəyi məsələlərdir. Çox endirim verən mağaza ya əvvəldən buradan çoxlu qazanc götürüb, indi isə məhsulu maya dəyərinə satmaq istəyir, ya da ziyana satır”.
“Niyə bu endirimlər bəzi hallarda yalançı xarakter daşıyır?” sualımıza ekspertin cavabı belə oldu:
“Əslində yalan informasiya vermək qanun pozuntusudur. Şişirdilmiş formada təqdim edilən reklamlar alıcıları cəlb etmək üçün nəzərdə tutulur. Diqqətli alıcı isə endirim olub-olmadığını müəyyənləşdirə bilir”.
İqtisadçı deyir ki, 50-70 faizlik endirim kampaniyaları dayanıqlı ola bilməz. Sahibkarlar rəqabətli mühitdə məhsulun üzərinə 20-25 faizdən çox qazanc qoya bilmirlər. Ona görə də davamlı kampaniya gözləmək sahibkarı müflis etmək arzusudur.