"Qarabağ içimizdə qanayan yara idi" - SƏLCUK BAYRAKTAR

20:12 30.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"TEKNOFEST hər dəfə İstanbulda təşkil edilirdi. Amma sonra qərar qəbul etdik ki, bir dəfə İstanbulda olanda, o biri dəfə Anadoluda təşkil edək. Biz ilk dəfə İstanbuldan kənarda Qaziantepdə keçirdik tədbiri. Sonra İstanbulda təşkil etdik, budur, indi isə Samsundayıq".

Hafta.az-ın yazdığına görə, bu sözləri TEKNOFEST İdarə Heyətinin sədri Səlcuq Bayraktar jurnalistlərə açıqlamasında deyib. 

S.Bayraktar bildirib ki, tədbirin xarici ölkələrdə keçirilməsi üçün dəvət-təkliflər də az deyil. Belə ölkələrdən biri qardaş Azərbaycandır.

"Azərbaycandan təklif aldıq, Qarabağ döyüşü oldu və qələbə ilə başa çatdı. Biz bu təkliflə qardaş ölkə Azərbaycanda ilk dəfə TEKNOFEST-i təşkil etdik. Orada da TEKNOFEST yüksək sürətli enerji doldurma stansiyası kimi bütün Azərbaycanı əhatə edirdi. İndi isə yenidən Anadoludayıq", - deyib S.Bayraktar.

Qarabağ zəfərinin çox önəmli olduğunu vurğulayan Bayraktar deyib ki, sitat: Qarabağ içimizdə qanayan yara idi. Gənclik illərində oradakı soydaşlarımızın yaşadığı vəziyyəti görmək bizi incidirdi. Uşaqlıq illərində az qala yaddaşlarımıza həkk olundu. Allaha şükürlər olsun ki, türk orduları torpaqlarımızı işğaldan azad edib, qanayan yaramızı sarıdılar, ürəklərimizə su səpdilər. Burada milli texnologiyalarımızın əhəmiyyəti bir daha dərk olundu. Dünyanın hər yerindən embarqo xəbərləri gəlməyə başladı. 

Bayraktar əlavə edib ki, əslində o embarqolar əvvəllər də olub. Qarabağ savaşı səbəbi ilə bizə satılmayan kameraları özümüz tam milli olaraq istehsal etdik. Gördük ki, müstəqillik və suverenlik üçün milli texnologiyalarımızı inkişaf etdirməyimiz mütləqdir. 

Siyasət rubrikasından digər xəbərlər