Əlcəzair hökuməti Qərbi Səhra məsələsində Mərakeşə verdiyi dəstəyi geri çəkmədiyi təqdirdə İspaniyanın əlavə qaz tədarükü tələbindən imtina edəcəyini bildirib.
Hafta.az-ın "aawsat"a istinadən yazdığına görə, Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab Əlcəzair - Almaniya Enerji Günü münasibətilə verdiyi açıqlamada bildirib ki, Aİ-nin təbii qaz üçün tavan qiyməti təyin etmək təcrübəsi birtərəflidir və bazarda sabitliyi poza bilər. Cənab Arkab “Məhdudlaşdırıcı və ya ayrı-seçkilik yaratmayan açıq və şəffaf qaz bazarları bu gün daha ağır vəziyyətə düşüb” deyərək, Əlcəzair hökumətinin elektrik enerjisinin ötürülməsi üçün geniş infrastruktur quraraq, ölkəni şimalda Aralıq dənizinin sahillərinə birləşdirən şəbəkə yaratmaq niyyətini açıqlayıb.
O, ölkəsinin etibarlı təbii qaz və imkanlarına görə yüksək səmərəliliyə malik etibarlı elektrik enerjisi təchizatçısı olduğuna da diqqət çəkib. Orta hesabla 12 min meqavat və maksimum 17 min meqavat istehlak gücü olmaqla 24 min meqavat elektrik enerjisi istehsal edən Əlcəzair regional ixrac üçün gündəlik 10 min meqavatlıq enerji təklif edə bilər. Əlcəzairin Sardegna-Galsi təbii qaz boru kəmərinin tikintisi ilə bağlı spesifikasiyalar və texniki standartlarla bağlı araşdırmaya başlamaq üzrə olduğunu bildirən Arkab, ölkəsinin yaxın gələcəkdə Avropaya, xüsusilə də Almaniyaya hidrogen və ammonyak ixrac əməliyyatlarına uyğunlaşa biləcəyini söyləyib. O əlavə edib ki, yaşıl hidrogen və yaşıl ammonyak üçün real və rəqabətədavamlı bazar yaranana qədər bu xətt əlavə olaraq Əlcəzair təbii qazının Avropaya ixracı üçün istifadə olunacaq.
Nazir Arkab deyib ki, enerji sahəsində investisiyaların artırılmasının qaz istehlak edən və tranzit ölkələrdə aydın maliyyə və ekoloji enerji siyasətləri ilə dəstəklənən şəffaf və ayrıseçkiliyə yol verməyən hüquqi çərçivələrdən asılıdır.
Xatırladaq ki, təbii qaz üçün tavan qiymətinin müəyyənləşdirilməsi praktikasını rədd etdiyini bildirən Rusiya Xarici İşlər Nazirliyi dünən bu təcrübənin nəticələrinin olacağı və qlobal bazarlarda sabitliyi poza biləcəyi barədə xəbərdarlıq edib.
RT-nin xəbərinə görə, daha əvvəl də Rusiya energetika nazirinin müavini Yuri Sentyurin bildirmişdi ki, Aİ-nin qaz qiymətlərinə tavan müəyyən etmək cəhdi bazar qaydalarına ziddir və bu qaydaların dağılmasına gətirib çıxaracaq. O, həmçinin qeyd etmişdi ki, bu cür təşəbbüslərin müzakirəsi bazarlarda sabitliyi pozur və qeyri-müəyyənliyi artırır.
Ukraynada müharibə başlayandan sonra Əlcəzair diplomatik qazanc əldə etmək üçün özünü enerji bazarında fəal beynəlxalq oyunçu kimi göstərməyə çalışır. Əlcəzairin milli neft şirkəti "Sonatrach"ın direktoru Tevfik Hakkar ötən ilin aprelində demişdi: “Ukraynada böhran başlayandan bəri təbii qazın və neftin qiymətləri sıçrayıb. Əlcəzair bütün müştəriləri üçün nisbətən əlverişli müqavilə qiymətlərini saxlamağa qərar verib. Bununla belə, ispan müştərimizlə qiymətləri nəzərdən keçirmək mümkündür".
Yada salaq ki, daha əvvəl Əlcəzair hökuməti, Əlcəzairlə Mərakeş arasında münaqişəyə səbəb olan Qərbi Səhra münaqişəsi ilə bağlı rəsmi Madridin mövqeyinin dəyişməsini pisləmişdi. Əslində İspaniyanın Əlcəzairdən daha çox qaz tədarükü tələbi siyasi səbəblərə görə rədd edilib. Ancaq Əlcəzair İtaliyanın iki ölkəni bir-birinə bağlayan və Sloveniya ərazisinə qədər uzanan boru kəməri ilə əlavə həcmdə qaz nəqli tələbi ilə razılaşıb.