"Qazaxıstan dünyada dinlərarası sülhün qorunmasında böyük rol oynayır".
Hafta.az-ın yazdığına görə, bunu Dünyavi və Ənənəvi Din liderlərinin Konqresinin 21-ci iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
"Belə mühüm universal təşəbbüsün yaradılmasını və davamlı mövcudluğunu təmin edən Qazaxıstana və onun müdrik siyasi rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istərdim. Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan tərəqqi və mənəvi inkişaf yolu ilə inamla irəliləyir. Ölkənin mədəni-mənəvi irsinin inkişafı istiqamətində, eləcə də siyasi və iqtisadi sahədə çox böyük işlər görülür, ən mühüm layihələr və təşəbbüslər həyata keçirilir”, - deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib.
O, Qazaxıstanın dinlərarası və sivilizasiyalararası dialoqun inkişafı prosesində bundan sonra da fəal rol oynayacağına əminliyini ifadə edib.
"Bu gün dünyanın böyük təlatümlər yaşadığı bir vaxtda insan həmrəyliyi ideyaları hər zamankından daha çox aktuallaşır. Həmişə olduğu kimi, danılmaz prioritet insan həyatının qorunmasıdır - Ulu Tanrının bizə bəxş etdiyi bu müqəddəs dəyərdir" deyən Şeyx əlavə edib ki, sivilizasiyalararası toqquşmalara səbəb olmaq cəhdləri dünyanı böyük fəlakətlər astanasına gətirə bilər.