"Qızıl viza" İndoneziyaya ildə 123 milyon dollar qazandırır

10:50 26.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir il əvvəl İndoneziya daha çox xarici sərmayə cəlb etmək üçün kapital sahibləri və bacarıqlı mütəxəssislər üçün ölkədə 5 və ya 10 il qalmaq imkanı verən “qızıl viza” proqramını işə saldı. İndoneziya İmmiqrasiya İdarəsinin baş direktoru Silmi Kərim qeyd edib ki, sözügedən viza müraciəti ilə ölkə xəzinəsinə bir il ərzində 123 milyon dollar daxil olub.

Hafta.az-ın yazdığına görə, İndoneziya üçün “qızıl viza” əldə etməyin 9 yolu var. Ölkəyə 2,5 milyon dollar sərmayə qoyanlara 5 illik, 5 milyon dollar yatıranlara isə 10 illik yaşayış icazəsi verilir.

Turistlər dövlət banklarına 350 min dollar yatırmaqla 5 il, 700 min dollar yatırmaqla 10 il müddətinə yaşayış icazəsi ala biləcəklər. Depozitə qoyulan pul gələcəkdə dövlət istiqrazlarını və ya Mərkəzi Bankın siyahısında olan şirkətlərin səhmlərini almaq üçün istifadə oluna bilər.

130 min dolları dövlət banklarına yatırıb dəyəri 1 milyon dollardan çox olan ev alanlar 5 illik viza ala biləcəklər. Şirkətlər 5 il qalmaq üçün 25 milyon dollar, 10 illik qalmaq üçün isə 50 milyon dollar sərmayə qoymağı öhdəsinə götürərək, menecerləri və yüksək vəzifəli məmurları üçün qızıl viza ala biləcəklər.

Kərim qeyd edib ki, İndoneziya 2024-cü ilin sonuna qədər 1000 qızıl viza vermək niyyətindədir. İndoneziya 2024-cü ildə 5,2 faiz iqtisadi artım hədəfinə nail olmaq üçün yerli və xarici birbaşa investisiyalardan 101,5 milyard dollar alacağını gözləyir.

ChatGPT-ni inkişaf etdirən OpenAI-nin Baş İcraçı Direktoru (CEO) Samuel Harris Altman qızıl viza alan ilk şəxs olub və Altmana 10 illik "qlobal istedad" icazəsi verildi. Bu gün keçirilən tədbirdə İndoneziya millisinin Cənubi Koreyalı məşqçisi Şin Tae Yonqa da qızıl viza verilib.