"Rumıniya Azərbaycanın vicdanlı dostu olub və olmaqda davam edir" - Səfir Vasile Soare

20:14 01.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda Rumıniya Respublikasının Müstəqillik Günü, eyni zamanda Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare, iki yubileyə - 1918-ci ildə Böyük Rumıniya Birliyinin qurulmasının 104 illiyinə və 1992-ci ildə Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirə qatıldıqları üçün qonaqlara təşəkkür edib. 

"1 dekabr 1918-ci ildə, Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan imperiyalarının parçalanması nəticəsində Rumıniyanın mərkəzində yerləşən Alba Yuliyada ölkədən və tarixi əyalətlər olan Bessarabiya, Bukovina və Transilvaniyadan olan bütün rumınların Böyük Birliyi elan edildi. Yüzllər sonra rumınlar öz unitar milli dövlətini - Rumıniyanı qurmağa nail oldular. Beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq, beynəlxalq münasibətlərdə təhlükəsizlik və mehriban qonşuluq mühitinin təmin edilməsi, “Dəmir pərdənin” süqutu ilə başlayan geniş modernləşmə və islahatlar prosesindən sonra Rumıniya 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına qoşuldu, eləcə də digər bir çox beynəlxalq təşkilatların fəal üzvü oldu və bu gün qonşuluğunda - Qərbi Balkanlarda və Qara Dənizin genişlənmiş regionlarında məsuliyyətli siyasətini təşviq etməkdədir", - deyib cənab V.Soare.

Diplomat bildirib ki, Rumıniyanın 1991-ci ilin 11 dekabr tarixində Türkiyədən sonra dünyada Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlət olmasından qürur duyurlar. "1992-ci ilin 19 iyun tarixində Rumıniya ilə Azərbaycan arasında səfirliklər səviyyəsində diplomatik əlaqələr quruldu. 2009-cu ildə isə Rumıniya Azərbaycanla Strateji Tərəfdaşlıq Münasibətləri haqqında Bəyannaməni yüksək səviyyədə təklif edən və bunu imzalayan ilk Aİ üzv dövləti olması və aşağıda imza edənin bu prosesin birbaşa iştirakçısı olması ilə tarixə düşdü" deyən səfir əlavə edib ki, 30 il ərzində Rumıniya ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə - siyasi, diplomatik, iqtisadi, enerji, nəqliyyat və bağlantı, mədəniyyət və təhsil sahələrində, eləcə də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib. Rumınlar və azərbaycanlılar arasında güclü layihələr həyata keçirilib: Buxarestdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün açılışı olub və SOCAR Rumıniyanın yanacaq bazarına daxil olaraq özünün ilk xarici nümayəndəliyini açıb; Bakıda dahi rumın bəstəkarı George Eneskunun abidəsi ucaldılıb; Bakıda Xarici Dillər Universitetində Rumın Dili, Mədəniyyəti və Sivilizasiyası Mərkəzi fəaliyyət göstərməkdədir və bu yaxınlarda Yassi Universitetində Azərbaycan Multikulturalizmi Mərkəzi açılıb; Rumıniya və Azərbaycan ədəbiyyatı klassiklərinin şah əsərləri iki ölkədə tərcümə olunub; daimi olaraq müxtəlif mədəni mübadilələr aparılmaqdadır.

Səfir bildirib ki, Rumıniya beynəlxalq hüququn prinsiplərinə söykənərək, bütün qonşuları ilə münasibətləri normallaşdırmaqla Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın vicdanlı dostu, tərəfdaşı və dəstəkçisi olub və olmaqda davam etməkdədir.

"2022-ci ilin əvvəlindən biz Azərbaycan Respublikası ilə siyasi-diplomatik dialoqun və sektorlararası əməkdaşlığın gücləndirilməsi üzərində fəal çalışırıq ki, bu da artıq öz nəticəsini verməkdədir. 2022-ci ilin iyununda Birgə Hökumətlərarası İqtisadi Komissiyanın işi bərpa edilib; Əmək və Əhalinin Sosial Müdafiəsi sahəsində perspektivli layihələr həyata keçirilməkdədir; Energetika sahəsində Rumıniya və Azərbaycan Şərqi və Mərkəzi Avropa məkanının enerji təhlükəsizliyinin təmin edilməsinə təsir göstərən, qarşılıqlı maraq doğuran – Xəzər dənizinin Azərbaycan sahillərindəki alternativ mənbələrindən təbii qaz və elektrik enerjisinin nəqli  - layihələri kimi birgə möhkəm layihələr həyata keçirməyi təklif etməkdədirlər; Nəqliyyat və bağlantı sahəsində ölkələrimiz Bakı və Konstansa limanları vasitəsilə ideal coğrafi kəsişmə nöqtələri olan Avropa və Asiyanı birləşdirən Orta Dəhliz konsolidasiyasında maraqlıdırlar və sair", - deyib cənab Soare.

Səfir qeyd edib ki, bu axşamkı tədbirin qonaqları üçün həm rumınların, həm də azərbaycanlıların ürəyincə olacaq səmimi bir mühit hazırlayıblar. Rumıniya Mədəniyyət İnstitutunun dəstəyi ilə, xüsusi olaraq bu yubiley tədbiri üçün Şimali Rumıniyanın Maramureş əyalətindən həqiqi bir virtuoz, instrumentalist solist Florin-Radu Ştefanı Bakıya dəvət ediblər və o, iki tərəfdaş sənətçinin müşayiəti ilə qonaqları əfsanəvi qədim Rumıniya Transilvaniyasının əsl Rumıniya ruhu ilə tanış edəcək.

Diplomat çıxışını bu sözlərlə yekunlaşdırıb: "Rumıniya, Milli Günün mübarək! Rumıniya və Azərbaycan, yubileyiniz mübarək!".

Tədbirdə Azərbaycan hökuməti adından fəxri qonaq qismində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, eləcə də Azərbaycan-Rumıniya Birgə İqtisadi Komissiyasının həmsədri Sahil Babayev qeyd edib ki, iki ölkə prezidentlərinin təşəbbüsləri sayəsində ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədə inkişaf etməkdədir.

"Bu gün iqtisadi, ticari əlaqələrimiz geniş səpkidə inkişaf edir. Bu ilin 10 ayı ərzində Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 2,3 dəfə artıb. Azərbaycanın Rumıniyaya qoyduğu investisiyanın həcmi 100 milyon dolları keçib. Hər iki ölkənin şirkətləri bir-birlərinin ərazisində aktiv fəaliyyət göstərir. Bundan başqa təhsil, sosial, mədəni sahədə də geniş əlaqələrimiz var" - deyə nazir vurğulayıb.

Oxunma sayı 3697