"Son görüş təsdiq etdi ki, Cənubi Qafqazda dayanıqlı sülh mümkündür" - Millət vəkili

09:20 23.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş görüş sülh danışıqları istiqamətində atılmış növbəti addımdır. Prezident Mişelin açıqlamasından aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları məsələləri deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib".
 
Hafta.az-ın yazdığına görə, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili əlavə edib ki, görüşdə Azərbaycan üçün strateji və humanitar əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub və bu da regionda daha dayanıqlı sülhün formalaşması üçün yeni imkanlar deməkdir.
 
"Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Avropa İttifaqının ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36,7, Gürcüstanda 23,9, Ermənistanda isə 18,0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2,6, Gürcüstanda 1,2, Ermənistanda isə 1,0 milyard avro sərmayə qoyuluşu həyata keçirib" deyən V.Bayramova görə, Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəkilib. "Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır", - millət vəkili bildirirb.
 
V.Bayramov deyib ki, bölgədə, eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır.
Son Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Müsahib qeyd edir ki, bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir.
 
"Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın geclənməsinə önəm verir. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında mütəmadi dialoq və təmaslar, qurumun bölgədə dayanıqlı sabitliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir" deyən V.Bayramov əlavə edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu da artmaqdadır. "Ötən il ölkəmizdə 43,9 milyard kubmetr mavi qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Eyni zamanda 2018-ci illə müqayisədə Azərbaycan mavi qaz ixracını da 2 dəfə artırıb. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qaz nəqli həyata keçirilir. Ötən il Avropa İttifaqına 9 milyard kubmetrə yaxın mavi qaz nəqli həyata keçirilib. 2022-ci ildə bu rəqəmin 10 milyard kubmetrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyindən xəbər verir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır. Son görüşün nəticələri bir daha təsdiq etdi ki, Cənubi Qafqazda dayanıqlı sülh mümkündür. İrəvandakı revanşistlərin bunu tez-gec qəbul etdəcəkləri qaçılmazdır. Artıq nəinki dünya, region düzəni də dəyişib", - millət vəkili deyib.
Oxunma sayı 299