"Tanıdığım Rusiya generalları Azərbaycan ordusu haqda yüksək fikirdədirlər" - Tacəddin Mehdiyev

13:45 29.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Mənim hazırda Rusiyada əlaqə saxladığım yüksək vəzifədə olan dost və tanış generallar, polkovniklər var ki, onların çoxu rus olsa da, Bakıda doğulub və təhsil alıblar, Ali Hərbi Komandanlıq məktəbini burada bitiriblər. Onların Azərbaycan ordusu haqda fikirləri çox yüksəkdir”.

Bunu Hafta.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib.

“2020-ci ilin 44 günlük savaşından əvvəl həmin tanış generallar ordumuz haqqında heç danışmaq istəmirdilər. Danışanda da yalnız tənqid edirdilər. Ermənilər də əvvəlki 20-25 ildə xaricdə Azərbaycan əleyhinə o qədər aşağılayıcı təqbliğat aparmışdılar, azərbaycanlıların yalnız göy-göyərti, kartof, pomidor, badımcan alveri bacardığını, hərbdən, döyüşdən uzaq olduğunu təbliğ etmişdilər ki, bu da öz təsirini göstərmişdi. Ancaq, Allaha şükür ki, rəşadətli Silahlı Qüvvələrimiz 2016-cı ilin Aprel döyüşlərindən sonra qismən, 2020-ci ildəki İkinci Qarabağ savaşından sonra isə artıq tam şəkildə özünün əsil gücünü göstərdi. Və bundan sonra artıq Rusiyadakı erməni təbliğatçılarının da dili batdı.  Hazırda ordumuzun Qarabağın dağlıq hissəsində ki, separatçı-terrorçu silahlı birləşmələrə qarşı son təmizləmə əməliyyatından sonra da sosial şəbəkələr, telefon vasitəsilə əlaqə saxladığım Rusiya general və polkovnikləri Azərbaycan Silahlı Qüvvələri haqda çox yüksək fikirlər söyləyirlər. Doğrudan da hər şey göz qabağındadır. Hesab edirəm ki, Azərbaycan ordusu keçmiş sovet məkanında canlı qüvvə, texnika, silah-sursat və s. sayına görə Rusiya və Ukraynadan geri qalsa da, döyüşkənlik və müasir texnologiyaya yiyələnmək baxımından birinci üçlükdədir”,- deyə general-mayor vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər