"Dövlətimizin təhlükəsizliyinə istiqamətlənmiş istənilən təhdid və təxribata qanuni müdafiə hüquqlarımız çərçivəsində cavab verməyə hazırıq".
Hafta.az Mərakeş Kral Sarayının xəbərinə istinadən yazır ki, bu sözləri Kral VI Məhəmməd BMT-nin Baş katibi Antonio Guterreslə, Qərbi Səhra problemindən və Gergarat bölgəsində yaşananları müzakirə edərkən deyib.
Kral bildirib ki, Baş katib Guterresin yüksək səyləri nəticəsiz qalandan sonra, Mərakeş öz üzərinə düşən məsuliyyəti yerinə yetirərək, problemi tamamilə həll edib və Gergaratdakı humanitar və ticari həyatı yenidən canlandırıb. O, Mərakeşin Qərbi Səhrada atəşkəs anlaşmasına sadiq qaldığını bir daha dilə gətirib. Kral VI Məhəmməd, Mavritaniya ilə Mərakeş arasında humanitar və ticari əlaqələrin inkişafı üçün də əlavə tədbirlər görəcəklərini deyib.
Xatırladaq ki, Mərakeşin Xarici İşlər Nazirliyi noyabrın 13-də verdiyi açıqlamada, Polisario Cəbhəsinin Qərbi Səhrada yerləşən Gergarat bölgəsində son vaxtlar gücləndirdiyi "təhlükəli təxribatlar"a qarşı əməliyyatlara başladıqlarını bildirmişdi.
Polisario Cəbhəsi də öz növbəsində, noyabrın 14-də bildirmişdi ki, Mərakeşlə 1991-ci ildə BMT-nin çətiri altında bağladığı atəşkəs sazişini ləğv edir.