"Təhsil haqqı dəyişikliyi hər müəssisənin daxili prosedurudur" - Təhsil Nazirliyindən AÇIQLAMA

12:28 11.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ali təhsil müəssisələrinə qəbul imtahanların keçirilməsinə az bir müddət qalıb. Lakin qəbuldan sonrakı mərhələdə universitetlərə ödənişli əsaslarla qəbul olanların çoxu imtina edir. Ekspertlər təhsil haqlarının yüksək olması qənaətindədirlər. Həmçinin bölgədə yerləşən universitetlərin təhsil ödənişi, Bakıda yerləşən təhsil müəsissələri ilə demək olar ki, fərqlənmir.  Yeni tədris ilində universitetlərdə təhsil ödənişləri üzrə dəyişiklik olacaqmı?

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən bildirilib ki, yeni tədris ili üçün elan olunan ixtisaslar üzrə Ali təhsil müəssisələrində təhsil haqqı normativləri Dövlət İmtahan Mərkəzinin növbəti jurnal buraxılışında çap olunacaqdır:

“Bir nüansı diqqətinizə çatdıraq ki, təhsil haqqı dəyişikliyi hər müəssisənin daxili prosedurudur və universitetlər tərəfindən müəyyənləşdirilir”.

Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, Azərbaycanda təhsil haqqı dünyanın ilk minlikdə olan universitetlərin təhsil haqqından çoxdur:

“Tələb olunan və ödənilən təhsil haqqının fonunda verilən təhsilin keyfiyyəti də aşağıdır.  Buna rəğmən tələb olunan təhsil haqları dünyanın ilk minlikdə olan universitetlərin təhsil haqqından çoxdur. Buna görə, universitetlərimizin hazırladığı kadrlara nə daxili əmək bazarında, nə də xaricdə yer var. Ali məktəblərə qəbul planı yerlərinin 70 faizi ödənişli əsaslarla, 30 faizi isə dövlət sifarişli həyata keçirilib. Pulsuz adlandırdığımız, artıq 10 ildən çoxdur dövlət sifarişli hesab etdiyimiz yerləri dövlətin hara sifariş etdiyi məlum deyil. Universiteti bitirdikdən sonra tələbə işlə təmin edilməlidir. Dövlət bu şəxs üçün 4 il ərzində bütün təhsil xərclərini ödəyir, lakin həmin şəxs işsiz qalır”.

Ekspert əlavə olaraq qeyd etdi ki, təhsil qiymətləri fantastikdir və Azərbaycan reallığını əks etdirmir:

“Son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə, təhsildən uzaqlaşıb və ya uzaqlaşdırılıb. Qəbul plan yerlərində ciddi şəkildə vəziyyət dəyişməlidir. Çünki kadrlar Azərbaycan dövlətinin əmək bazarının ehtiyaclarını ödəyir. Sonradan əmək bazarında iş tapdıqda təhsil haqlarını vergi və digər rüsumlar vasitəsilə dövlətə geri ödəyəcəklər”.