Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyəni Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün ən yaxşı yer adlandırıb.
Hafta.az xəbər verir ki, jurnalistlərlə söhbətində Türkiyə diplomatiyasının rəhbəri İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının son üç raundunu xatırladıb. Tərəflərin Türkiyədə təşkil olunmuş danışıqlar prosesinin hər mərhələsindən məmnun olduqlarını vurğulayan H.Fidan bildirib ki, Ankara Kiyevlə Moskva arasında sülhə ümidini itirməyib.
Onun sözlərinə görə, danışıqlar prosesinin davam etdirilməsi region üçün böyük əhəmiyyət kəsb edir:
“Şərtlər nə qədər çətin və tərəflərin mövqeləri nə qədər uzaq olsa da, razılığa gəlmək istəyi varsa, qaçılmaz olaraq bir nöqtədə kəsişəcəksiniz”.
H.Fidan, həmçinin ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun rolunu yüksək qiymətləndirərək, Amerika liderinin nümayəndəsini Ukrayna ilə Rusiya arasında “kifayət qədər hazırlıqlı və bacarıqlı vasitəçi” adlandırıb.
Türkiyəli nazir qeyd edib ki, Ukrayna mövzusu bir çox tərəfin maraqlarını, o cümlədən Rusiya, həmçinin Avropanın məqsədləri və təhlükəsizliyini əhatə edir:
“Hər şey bir-biri ilə sıx bağlıdır. Tərəflərdən hər biri fərqli parametrlərə əsaslanır və fərqli bir şey istəyir. Türkiyə hər kəsdən daha çox, yenidən dialoq platformasına çevrilməkdə maraqlıdır. Əgər kağız üzərində çərçivə müəyyən edilə bilərsə, tərəflər detalları razılaşdırmaq üçün ortaq bir masa arxasında görüşə bilərlər”.
Xarici işlər naziri Türkiyənin müstəsna iqtisadi zonasında iki tankerdə baş verən son yanğınlara toxunaraq qeyd edib ki, baş verənlər təkcə gəmiçilik üçün təhlükə yaratmır, həm də Qara dənizi “ticarət və dəniz sərnişin daşımaları üçün qapalı zonaya” çevirir. O, həmçinin qeyd edib ki, son hadisələr “Egey və Aralıq dənizlərinə çıxışı olan” Türkiyə üçün deyil, Rumıniya və Bolqarıstan üçün daha böyük problemdir.